"Yüksək kredit faizləri istehlakçıları daha ehtiyatlı xərcləməyə və qənaətə yönəldir" -İQTİSADÇI DANIŞDI

"Kredit faizlərinin yüksək olması istehlakçı davranışlarına birbaşa təsir göstərən əsas iqtisadi amillərdən biridir. Faizlərin artması borclanmanı bahalaşdırdığı üçün insanlar daha çox ehtiyatlı maliyyə davranışına keçir və nəticədə qənaət meyli güclənir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, yüksək faiz dərəcəsi həm istehlakçı psixologiyasına, həm də ailə büdcəsinin strukturuna təsir edir: "Belə ki, bir çox vətəndaş kredit götürməyi riskli hesab edir, çünki aylıq ödənişlərin artması gələcək maliyyə sabitliyi ilə bağlı narahatlıq yaradır. Bu narahatlıq insanların xərcləmələrdən yayınmasına, daha çox yığıma və əvvəlcədən planlaşdırmaya yönəlməsinə səbəb olur. Faizlər bahalaşdıqca banklardan kredit götürmək həm fiziki şəxslər, həm də kiçik sahibkarlar üçün daha az cəlbedici olur. Bu zaman istehlakçılar əsasən iki istiqamətdə davranırlar: ya ümumiyyətlə kredit götürməkdən imtina edirlər, ya da yalnız məcburi ehtiyaclar üçün borclanırlar. Nəticədə qeyri-zəruri xərclər azalır, bazarda istehlak tələbi zəifləyir və əhali daha çox qənaət rejiminə keçir. Bu, xüsusilə orta və aşağı gəlirli təbəqələrdə daha kəskin hiss olunur, çünki faiz yüksək olduqda borcun ümumi yükü onların büdcəsinə daha ağır təsir göstərir.

Digər tərəfdən, yüksək faiz dərəcələri istehlakçını yalnız kreditdən uzaqlaşdırmır, həm də onun gəlirləri daha səmərəli idarə etməsinə təkan verir. İnsanlar qənaət fondu yaratmağa, gəlir-xərc balansını daha ciddi təhlil etməyə və maliyyə planlaşdırmasını gücləndirməyə çalışırlar. İqtisadi baxımdan bu davranış müəyyən hallarda müsbət nəticələr versə də, uzunmüddətli dövrdə daxili tələbin zəifləməsi iqtisadi aktivliyin yavaşımasına səbəb ola bilər. Ümumiləşdirilmiş yanaşmaya görə, yüksək kredit faizləri istehlakçıları daha çox qənaət etməyə sövq edir, çünki bahalı borclanma həm psixoloji, həm də real maliyyə yükü yaradır. Buna görə də faiz dərəcələrinin səviyyəsi təkcə bank sektorunun deyil, bütövlükdə makroiqtisadi sabitliyin ən mühüm determinantlarından biri kimi qiymətləndirilir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə