“Müasir qlobal iqtisadiyyat göstərir ki, kriptovalyutalar artıq yalnız alternativ ödəniş vasitəsi deyil, bir çox inkişaf etmiş ölkələrin maliyyə sistemlərinin formalaşmasında mühüm komponentə çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib.
Ekspertin sözlərinə görə, bir sıra əməliyyatlar, alqı-satqı prosesləri və investisiya layihələri bu rəqəmsal aktivlər üzərindən həyata keçirilir və iqtisadi fəaliyyətin yeni texnoloji mərhələsinə təkan verir:
“Dünya praktikasına nəzər saldıqda aydın olur ki, kriptovalyutaların tətbiqi maliyyə sisteminə innovasiyaların daxil olması, rəqəmsal texnologiyaların genişlənməsi və əmək bazarında yeni peşələrin meydana çıxması ilə müşayiət olunur. Rəqəmsal aktivlər həm sahibkarlıq fəaliyyəti, həm də böyük həcmli layihələrin maliyyələşdirilməsi üçün yeni investisiya alətlərinin yaranmasına şərait yaradır.
Lakin kriptovalyutaların üstünlükləri ilə yanaşı, onun riskləri də mövcuddur. Xüsusilə informasiya texnologiyaları ilə bağlı kiberhücumların artması, dələduzluq halları və saxta investisiya təklifləri bu sahədə ciddi təhlükələr yaradır. Postsovet məkanında, o cümlədən Azərbaycanda maliyyə savadlılığının kifayət qədər olmaması, xüsusilə yaşlı nəsil arasında rəqəmsal təhlükəsizlik sahəsində məlumat çatışmazlığı bu risklərin daha da dərinləşməsinə səbəb ola bilər. Bu isə mütəmadi maarifləndirmə tədbirlərinin zəruriliyini ortaya qoyur.
Beynəlxalq təcrübə göstərir ki, dövlət tərəfindən səmərəli və çevik tənzimləmə mexanizmləri tətbiq edildiyi halda kriptovalyutalar həm sahibkarlar, həm də ümumilikdə ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşması birbaşa olaraq normativ bazanın keyfiyyətindən, təhlükəsizlik standartlarının tətbiqindən və istifadəçilərin məlumatlılıq səviyyəsindən asılıdır. Eyni zamanda, kriptovalyutaların düzgün tənzimlənməməsi kiberhücumların, dələduzluğun və digər risklərin artmasına gətirib çıxara bilər.
Hazırda internet əsrində bir çox məhdudiyyətlər nisbi xarakter daşıyır. Kriptovalyutanın əldə edilməsi üçün istifadəçi yalnız şifrələnmiş rəqəmsal açara malik olmaqla dünyanın istənilən nöqtəsindən əməliyyatlar apara bilir. Bu isə göstərir ki, dövlətlər kriptovalyutanın tətbiqini qadağan etməklə deyil, onu idarə etmək üçün effektiv mexanizmlər yaratmaqla daha səmərəli nəticə əldə edə bilər.
Beləliklə, kriptovalyutaların Azərbaycanda tətbiqi mümkündür və perspektivlidir. Lakin bu proses yalnız kompleks tənzimləmə, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və əhalinin rəqəmsal savadlılığının artırılması fonunda iqtisadi artıma real töhfə verə bilər”.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB