"Valyuta dəyişkənliyi bizneslər üçün həm risk, həm də imkan yaradır" - İQTİSADÇI

"Valyuta dəyişkənliyi istənilən iqtisadi sistemdə qaçılmaz faktordur və onun bizneslərə təsiri yalnız mənfi və ya yalnız müsbət kimi qiymətləndirilə bilməz. Valyuta məzənnəsindəki dalğalanmalar bizneslər üçün ikiüzlü təsir yaradır: bir tərəfdən riskləri artırır, digər tərəfdən isə düzgün mövqe və strategiya seçildiyi halda yeni qazanc imkanları formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, valyuta dəyişkənliyi xüsusilə idxaldan asılı olan şirkətlər üçün ciddi xərc təzyiqi yaradır: "Məsələn, xammalı, avadanlığı və ya hazır məhsulu xarici bazardan alan müəssisələr valyuta məzənnəsi yüksəldikcə maya dəyərinin artması ilə üzləşir. Bu, həm məhsulların qiymətində artıma, həm də rəqabətli bazarlarda satışların azalmasına səbəb ola bilər. Eyni zamanda, kredit öhdəliklərinin bir hissəsi xarici valyutada olduqda, məzənnə dəyişikliyi şirkətin borc yükünü artırır və maliyyə bazasında əlavə stress yaradır. Buna görə də valyuta risklərinin idarə edilməsi bizneslərin maliyyə sabitliyi üçün prioritet məsələlərdən biridir. Lakin valyuta dəyişkənliyinin yalnız risk yaratması doğru yanaşma deyil. Əgər biznes doğru strukturda fəaliyyət göstərirsə, məzənnə dəyişiklikləri onun üçün mühüm imkanlar da açır. Məsələn, məhsullarını ixrac edən şirkətlər üçün yerli valyutanın ucuzlaşması onların beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır, çünki məhsullar daha sərfəli qiymətlərlə təklif olunur. Bu, ixrac gəlirlərinin yüksəlməsi və xarici bazarlarda mövqelərin güclənməsi deməkdir. Bundan əlavə, valyuta bazarlarında fərqli məzənnələrdən istifadə edərək arbitraj və risk hedcinqi kimi mexanizmlər vasitəsilə şirkətlər əlavə gəlir də əldə edə bilərlər.

Əlavə olaraq, valyuta dəyişkənliyi biznesləri daha çevik və innovativ qərarlar verməyə məcbur edir. Şirkətlər xərclərini optimallaşdırmaq üçün daha yerli alternativlər axtarır, istehsal proseslərini yenidən qurur və maliyyə risklərini idarə etmək üçün hedcləmə kimi alətlərdən istifadə edir. Bu isə bütövlükdə iqtisadi sistemdə səmərəliliyi artıran amildir. Valyuta dəyişkənliyi bizneslər üçün nə tam riskdir, nə də tam imkan. O, iqtisadiyyatın təbii komponentidir və təsirinin hansı istiqamətdə olacağını şirkətin fəaliyyət sahəsi, maliyyə siyasəti, bazar strukturu və risk menecmenti müəyyən edir. Strategiyanı düzgün quran müəssisələr üçün valyuta dəyişkənliyi yeni bazarlar, yüksək gəlir və daha güclü rəqabət üstünlüyü demək ola bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə