Rəqəmlərin arxasındakı həqiqət: alıcılıq qabiliyyəti artır, yoxsa azalır?! - MÜNASİBƏT BİLDİRİLDİ
“Son illərdə ölkənin iqtisadi dinamikasında əhalinin alıcılıq qabiliyyətinə həm müsbət, həm də mənfi təsirlər müşahidə olunur” .Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadıçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Ekspertin sözlərinə görə, rəsmi göstəricilərə əsasən, əməkhaqqı və pensiya artımları əvvəlki illərlə müqayisədə müəyyən yüksəliş göstərib. “Lakin paralel olaraq ərzaq məhsullarının, gündəlik tələbat mallarının və xidmətlərin bahalaşması bu artımın real hiss olunmasını əngəlləyir. Xüsusilə aztəminatlı ailələr və yaşlı əhali üçün qiymət dəyişiklikləri daha kəskin şəkildə təsir göstərir.
Bəzi dövrlərdə gəlirlərin artım tempi inflyasiyanı üstələyib və bu, alıcılıq qabiliyyətinin qismən yaxşılaşması kimi qiymətləndirilib. Bununla belə, əhalinin əhəmiyyətli bir hissəsi üçün inflyasiya nəticəsində real gəlirlərin azalması əsas sosial-iqtisadi çətinlik olaraq qalır. Reallıq göstərir ki, gəlirlərin nominal artımı inflyasiya ilə uyğunlaşmadıqda, alıcılıq qabiliyyəti yüksəlmək əvəzinə daha da zəifləyir.
Gələcək dövrdə iqtisadi sabitliyin qorunması üçün bir neçə istiqamət üzrə sistemli tədbirlərin görülməsi vacibdir:
Maaş və pensiyaların real,
artımının təmin edilməsi;
İnflyasiyanın idarəolunması və qiymət artımlarının tənzimlənməsi;
Daha çox və dayanıqlı iş yerlərinin yaradılması;
sosial müdafiə mexanizmlərinin gücləndirilməsi.
Bu proseslərin effektiv idarə olunması ilk növbədə statistik məlumatların reallığı tam əks etdirməsindən asılıdır. Əgər statistik göstəricilər əhalinin faktiki yaşayış səviyyəsini dəqiq təsvir edirsə, bu, hökumətə daha məqsədyönlü qərarlar qəbul etməyə imkan verir. Əks halda rəqəmlərdə iqtisadi rifah yüksək göstərilsə də, sadə vətəndaşların gündəlik həyatında bu rifahın əksini tapmaması ciddi uyğunsuzluq yaradır.
Məhz buna görə də statistik məlumatların şəffaflığı, obyektivliyi və gündəlik həyatla uzlaşması sosial siyasətin düzgün həyata keçirilməsinin əsas şərtlərindən biri hesab olunur”.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB