Cari ildə qızıl qiymətləri əhəmiyyətli dərəcədə artıb. Avqustun 18-də qızılın bir troya unsiyasının qiyməti 3333 dollar idisə, iki ay ərzində qiymət rekord həddə çataraq 4381 dolları ötüb.
AZƏRTAC xəbər verir ki, sonuncu dəfə qızıl qiymətlərində belə artım 1979-cu ildə baş vermişdi. Ancaq daha sonra qiymətlər təxminən 4000 dollar səviyyəsində olub.
Cari il noyabrın 26-da isə qızılın bir troya unsiyasının qiyməti 4196,6 dollara çatıb.
2024-cü ildə başlayan qızılın yüksəliş tendensiyası 2025-ci ilin aprelindən sonra sürətləndi. Lakin bu tendensiya davamlı olmayıb və vaxtaşırı kəskin enişlər də müşahidə edilib.
Ekspertlərin fikrincə, qızıl qiymətlərindəki dalğalanmaların bir çox səbəbi var - bunlardan biri investorların mənfəət əldə etmək üçün satış etməsidir.
“CPM İnvestisiya Şirkəti”nin baş direktoru Ceffri Kristian qarşıdakı həftələrdə və aylarda artım gözlədiklərini bildirib: “Tezliklə qızılın bir troya unsiyasının qiyməti 4500 dollara çatsa təəccüblənmərik. Həmçinin 2026-cı ildə qızılın bir troya unsiyasının qiyməti 5000 dollara çatsa təəccüblü olmayacaq. Bu ssenari daha çox qlobal siyasi iğtişaşların artmasından asılıdır, amma qiymətlər daha çox artım istiqamətində gedir”.
Həmçinin Britaniyanın ən böyük bankı HSBC orta proqnozunu 100 dollar artıraraq 2026-cı ildə qızılın unsiya qiymətinin 5000 dollar olacağını proqnozlaşdırıb.
SİA xəbər verir ki, mövzu ilə əlaqədar iqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, son bir ildə qızıl qiymətlərində 55 faiz artım müşahidə olunur.
“Qızıl qiymətlərindəki bu artım bəlkə də tarixin ən sürətli artım dövrüdür. Səbəblər isə müxtəlifdir – qızıl qiymətlərinin düşmə səbəbi risklərin aşağı düşməsi, inflyasiya rəqəmləri ilə əlaqədardır. Qızıl riskdən qorunma alətidir. Qızılın qiyməti dollarla ifadə olunduğu üçün dolların dəyərinin necə dəyişməsinə qızıl həssas reaksiya verir. Həmçinin qızıl dividend verən istiqrazların gəlirliliyi ilə də bağlıdır. Qızıl dividend vermədiyinə görə, dividend verən aktivlər əlverişli olduqda qızılın dəyəri düşür, dividend verən aktivlərin sahib olunması əlverişsiz olduqda isə qızıl bahalaşır”,- deyə o qeyd edib.
X.Kərimli əlavə edib ki, 2026-cı ildə qızıl qiymətlərinin yüksək qalacağı ilə bağlı proqnozlar var: “Ancaq əvvəlki kimi 50-60 faiz bahalaşacağı gözlənilmir. Qiymətlərdə 5-10 faizlik artım proqnozlaşdırılır, həmçinin ucuzlaşa da bilər. Təhlükəsizlik, strateji, hərbi, ticari risklər yüksəlsə qızıl bahalaşacaq, əks halda isə ucuzlaşacağı gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB