Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstan neftinin ixracının genişləndirilməsi geosiyasi risklərin və tranzit dövlətlərdən asılılığın azalmasına kömək edir ki, bu da öz növbəsində, ölkənin enerji təhlükəsizliyini gücləndirir. SİA xəbər verir ki, bu, "Astana" Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, neft-qaz sektorunda Qazaxıstan və Azərbaycan neftin xüsusilə BTC neft kəməri vasitəsilə ixracı üçün alternativ marşrutların inkişafı hesabına əməkdaşlığı gücləndirir.
"Qazaxıstan və Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkələrdir. Neft-qaz sektorunda əməkdaşlıq strateji əhəmiyyətə malikdir, çünki təbii ehtiyatlardan maksimum səmərəli istifadə etməyə, enerji təhlükəsizliyinin səviyyəsini artırmağa və qlobal bazarlarda rəqabət qabiliyyətini gücləndirməyə imkan verir. 2024-cü ildə Qazaxıstan təxminən 88 milyon ton neft, Azərbaycan isə 29 milyon tona yaxın neft hasil edib. Beləliklə, iki ölkənin ümumi neft hasilatı təxminən 117 milyon ton təşkil edib ki, bu da qlobal neft təklifinə əhəmiyyətli töhfədir", - sənəddə bildirilir.
Qeyd olunur ki, Qazaxıstan neftin beynəlxalq bazarlara ixracı üçün Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumundan əhəmiyyətli dərəcədə asılıdır. Ölkədə hasil olunan neftin ümumi həcminin təxminən 70 %-i ixrac edilir və bunun təxminən üçdə iki hissəsi konsorsiumun payına düşür.
"Qeyd etmək lazımdır ki, Xəzər Boru Kəməri Konsorsiumu sistemi ilə nəql Qazaxıstan üçün iqtisadi cəhətdən ən əlverişli variantdır. Bununla belə, neftin ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətini nəzərə alaraq, Azərbaycanla əməkdaşlıq etməklə ixrac marşrutlarının şaxələndirilməsi geosiyasi risklərin və məhdud sayda tranzit yollarından asılılığın azaldılmasına kömək edə bilər", - müəlliflər hesab edirlər.
Hesabata əsasən, Qazaxıstan və Azərbaycan artıq bu istiqamətdə əməkdaşlığa başlayıb. 2024-cü ildə Qazaxıstan BTC ilə 1,4 milyon tondan çox neft ixrac edib və bununla da birgə infrastrukturdan istifadə modelinin potensialını nümayiş etdirib.
"Rəsmi proqnozlara görə, qısamüddətli perspektivdə Qazaxıstan BTC vasitəsilə neft ixracını ildə 2,2 milyon tona, uzunmüddətli perspektivdə isə hasilatın artması və infrastruktur koordinasiyasının yaxşılaşması hesabına 20 milyon tona çatdırmağı planlaşdırır", - hesabatda deyilir.
Sənəddə qeyd olunur ki, neftin nəqli ilə yanaşı, ölkələr karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində də əməkdaşlığı genişləndirə bilər. "Məsələn, Azərbaycan geoloji kəşfiyyat və yataqların işlənməsində, o cümlədən “Azəri-Çıraq-Günəşli” (AÇG) bloku və “Şahdəniz” yatağı kimi iri layihələrdə böyük təcrübəyə malikdir. Ekspert biliklərinin birləşdirilməsi Qazaxıstanda oxşar layihələrin hazırlanması prosesinin sürətləndirilməsinə kömək edə bilər", - hesabatda vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə