Dünya Bankı ilə karbon qiymətqoyma ilə bağlı perspektiv əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Dünya Bankı (WB) arasında karbon qiymətqoyma ilə bağlı perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) istinadən xəbər verir.

Məlumata görə, DVX-da Dünya Bankının “Karbon qiymətləri – Bazar Hazırlığı Tərəfdaşlığı” (PMI) üzrə dəstək missiyası ilə görüş keçirilib. Görüşdə karbon qiymətqoyma məsələləri ilə bağlı müxtəlif yanaşmalar müzakirə edilib.

DVX-nin rəis müavini Samirə Musayeva yaşıl iqtisadiyyat modelinin qurulması və enerji səmərəliliyinin təmin edilməsi istiqamətində vergi sistemində həyata keçirilən islahatlar barədə məlumat verib, vergi qanunvericiliyində yer alan güzəştlər və stimullaşdırıcı mexanizmləri diqqətə çatdırıb. Bildirib ki, karbon qiymətqoyma ədalətli yanaşma, dərin təhlil, hərtərəfli araşdırma tələb edən mühüm bir vasitədir və “yaşıl həllər”in tədqiqində Dünya Bankının aktiv fəaliyyəti təqdirəlayiqdir.

Dünya Bankının Baş iqlim dəyişikliyi mütəxəssisi və Azərbaycan üzrə tapşırıq qrupunun rəhbəri Yasemin Örücü “Bazar Hazırlığı Tərəfdaşlığı” çərçivəsinin mahiyyəti və gözləntilər barədə məlumat verib. Yasemin Örücü missiyanın əsas məqsədinin karbon qiymətləri və Paris Sazişinin 6-cı maddəsi üzrə hazırlıq qiymətləndirməsinə dair məlumatları paylaşmaq, aidiyyəti qurumlarla məsləhətləşmələr aparmaq və maraqlı tərəflərin rəylərini toplamaq olduğunu qeyd edib.

Tərəflər enerji sistemlərinin sürətlənən transformasiyası və ölkələrin karbon izini azaltmaq təşəbbüsləri fonunda atılan addımlar barədə fikirlərini bölüşüblər. Görüşdə perspektiv əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə