Azərbaycanın Türkiyə şirkətlərinə verdiyi investisiya təşviqi sənədlərinin sayı
İndiyə qədər təsisçiləri Türkiyə vətəndaşları və yaxud şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.
Onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda yaradılan münbit biznes mühitindən faydalanır: "Sözügedən sənədi əldə edən hüquqi şəxslər texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və idxal gömrük rüsumlarından, habelə əmlak və torpaq vergiləri, eləcə də mənfəət və gəlir vergisinin 50%-nin ödənilməsindən azad edilir".
Nazir müavini əlavə edib ki, sarsılmaz siyasi və iqtisadi bağlardan irəli gələn tərəfdaşlıq nəticəsində qardaş Türkiyə ilə indiyə qədər müxtəlif sahələrdə 300-dən çox sənəd imzalanıb: "15 iyun 2021-ci il tarixində hər iki ölkənin dövlət başçılarının imzaladığı “Müttəfiqlik Münasibətləri Haqqında Şuşa Bəyannaməsi” tərəfdaşlığımızın yeni mərhələsinin təməlini qoyub".
Bütün xəbərlər Facebook səhifəmizdə