"Rusiyaya qarşı tətbiq olunan sanksiyalar neft və qaz qiymətlərinə təsir göstərib" - QURUM RƏHBƏRİ AÇIQLADI
"İqtisadi sanksiyalar müəyyən ölkələrə qarşı tətbiq olunur və əsas məqsədi həmin ölkələrin iqtisadiyyatına təsir göstərərək onları müəyyən razılaşmalara vadar etməkdir. Bu tədbirlər, adətən, siyasi motivlər əsasında həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, tarixdən məlumdur ki, bir sıra ölkələr bu cür sanksiyalarla üzləşmişdir: "Bu ölkələrdən biri İran İslam Respublikasıdır ki, uzun müddət ərzində iqtisadi sanksiyalara məruz qalmışdır. Ondan əvvəl İraq Respublikası ciddi beynəlxalq sanksiyalarla qarşılaşmışdı. Daha sonra isə bu sanksiyalar Rusiya Federasiyasına tətbiq olunmuşdur. Rusiyaya qarşı ondan çox sanksiya paketi qəbul edilmişdir.
Sanksiyaların tətbiq edildiyi ölkəyə görə onların təsiri qarşılıqlı ola bilər və bəzi hallarda bu təsir həm sanksiyanı tətbiq edən, həm də hədəf ölkəyə yönəlir. Lakin müəyyən hallarda sanksiyalar beynəlxalq xarakter daşıyır və bu zaman demək olar ki, bütün ölkələr həmin məhdudiyyətlərə riayət edirlər.
İran və Rusiya uzunmüddətli sanksiyalara məruz qalmış ölkələrdir. Bu fakt onu göstərir ki, hər iki ölkə iqtisadi baxımdan ciddi çətinliklərlə və mürəkkəb mərhələlərlə üzləşsə də, onların iqtisadi fəaliyyəti tamamilə dayanmayıb və müxtəlif yollarla davam etdirilmişdir.
Bununla yanaşı, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bəzi hallarda qlobal neft və qaz qiymətlərinə də təsir göstərmişdir. Təbii ehtiyatlarla zəngin və enerji resurslarının əsas ixracatçısı olan Rusiya kimi ölkələrə qarşı tətbiq edilən sanksiyalar beynəlxalq enerji bazarına və digər böyük ixracatçı ölkələrə mənfi təsir edə bilər. Lakin bəzi hallarda əhəmiyyətli iqtisadi çəkiyə malik olmayan ölkələrə qarşı tətbiq olunan sanksiyalar nəzərəçarpacaq iqtisadi nəticələr doğurmur və qlobal iqtisadiyyata təsiri məhdud qalır"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə