“Orta Dəhliz regional əməkdaşlıq, ticarət və investisiyaları təşviq edir” - Elnur Əliyev
Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır: “Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Türkiyə və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir. Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir”.
E.Əliyev bildirib ki, Türkiyə ilə nəqliyyat-logistika sahəsində əlaqələrimiz strateji xarakter daşıyır: “Bu sahədə tərəfdaşlığımızın inkişaf etməsi məmnunluq doğurur. Orta Dəhliz boyu ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Azərbaycandan, Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır. Azərbaycan bu çərçivədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb. Eyni zamanda Qars-Naxçıvan dəmir yolu layihəsini isə Orta Dəhlizin yeni bir qolunun yaranması kimi qiymətləndirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə