Hesablama Palatası ACCA ilə əməkdaşlıq edə bilər

Hesablama Palatası ilə Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında əməkdaşlıq imkanları müzakirə olunub. SİA bu barədə Palataya istinadən xəbər verir .

Məlumata görə, qurumda ACCA-nın Avropa, Avrasiya, Yaxın Şərq, Şimali və Cənubi Amerika üzrə direktoru Maqdalena Hernandezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Hesablama Palatasının auditoru, aparat rəhbəri və struktur bölmə rəhbərləri iştirak ediblər.

Tərəflər peşəkar inkişafın təşviqi, təlimlərin əhəmiyyəti və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Qonaqlara Palatanın beynəlxalq əlaqələri, təlim fəaliyyəti və ACCA proqramlarını uğurla başa vuran əməkdaşlar haqqında ətraflı məlumat təqdim olunub.

M.Hernandez təlimlərə göstərilən maraqdan məmnunluğunu ifadə edib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycandakı ACCA fəaliyyəti, tərəfdaş dövlət qurumları və təhsil müəssisələri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə