Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 10 %-dən çox artıb
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 433,5 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, ilin əvvəli ilə müqayisədə 2,9 %, ötən ilin eyni dövrünə nisbətən 10,4 % çoxdur.
Bunun 56,1 %-i, yaxud 23 milyard 230,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,1 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 10 % artaraq 14 milyard 853 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 31,3 % artaraq 3 milyard 350,4 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 128,2 milyon manatı (il ərzində 1,4 % azalıb) qısamüddətli, 18 milyard 305,2 milyon manatı (30 % artıb) isə uzunmüddətli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə