2024-cü ildə dövlət büdcəsinə ödənilməmiş vəsaitlərin qalığının artması müşahidə edilib - HESABLAMA PALATASI

2024-cü ildə Azərbaycanda özəlləşdirilmədən daxilolmalar üzrə proqnoz tam icra edilsə də, dövlət büdcəsinə ödənilməmiş vəsaitlərin qalığının artması müşahidə edilib. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsinin hazırlanması təmin edilməyib.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilmə mənbələrinə aid olan özəlləşdirilmədən daxilolmalar üzrə 2024-cü il üçün proqnoz 105 milyon manat müəyyən edilib.

İl ərzində özəlləşdirilmiş dövlət əmlakının ümumi həcmi 116,2 milyon manat təşkil edib, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsindən isə əvvəlki illərin qalıq vəsaitlərindən daxilolmalar da nəzərə alınmaqla ümumilikdə 108,9 milyon manat daxil olub, proqnoza nisbətdə 103,7 % icra edilib.

Daxilolmaların əsas hissəsi, əvvəlki illərdə olduğu kimi, “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmalar” mənbəyi üzrə olub.

Qeyd edək ki, dövlət büdcəsinin icrası barədə hesabatda əks etdirilmiş məbləğlərlə müvafiq dövlət orqanının özələşdirilmədən daxilolmalarla bağlı məbləği üzləşdirilmiş və fərq məbləği müəyyən edilməyib.

Dövlət əmlakının idarəetməyə verilməsindən daxilolmalar mənbəyi üzrə (“Azərlotereya” ASCnin idarəetməyə verilməsi) hesabat ilində 7,4 milyon manat daxil olub. Bu mənbənin hesabatlılığına dair uyğunsuzluq Rəyin 2-ci bölməsində şərh edilib.

Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üzrə ümumilikdə 108,9 milyon manat ödənilib ki, onun da 108 milyon manatı və yaxud 99,1 %-i hesabat ilinin ilk 9 ayında, 0,9 milyon manatı və yaxud 0,9 %-i isə son 3 ayda daxil olub.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi 2024-cü ilin 3-cü rübü üzrə məlumatlara əsasən, 103,9 milyon manatlıq dövlət əmlakı özəlləşdirilib, əvvəlki illərin qalıq vəsaitlərindən daxilolmalar nəzərə alınmaqla ümumilikdə 108 milyon manat büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldildiyi halda, 4-cü rübdə 12,3 miloyon manatlıq dövlət əmlakı özəlləşdirilib, həmin vəsaitdən yalnız 0,9 milyon manat kəsirin maliyyələşdirilməsinə yönəldilib.

Həmin dövrdə özəlləşdirilmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalığın məbləği isə 26,5 milyon manatdan 37,9 milyon manata yüksəlib.

Təqdim olunmuş məlumatlara əsasən, özəlləşdirilmədən daxilolmalar üzrə hesabat dövrünün sonuna hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq (o cümlədən ödəmə vaxtı çatmış borclar) 7,3 milyon manat və ya 24 % artaraq 37,9 milyon manat olub.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə