"Azərbaycanın güclü olması üçün iqtisadiyyatının inkişafı çox vacibdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı SPECA-nın iştirakçı dövlətlərinin başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzunun göstəricisidir. Çünki belə mötəbər tədbirlərin Azərbaycanın mərkəzində keçirilməsi və bu tədbirlərdə nüfuzlu dövlət rəhbərlərinin iştirakı ölkəmizin təbliği baxımından çox əhəmiyyətlidir. Bu tədbir Azərbaycan üçün önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, tədbir müddətində həyata keçirilən işlər təqdirəlayiqdir və bunu forumda iştirak edən dövlət başçıları yüksək qiymətləndiriblər: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışı nəinki ölkəmizdə, eyni zamanda, dünyada böyük əks-səda yaradıb. Çünki dövlət rəhbəri İlham Əliyev bu görüşdə də xatırladıb ki, Azərbaycan sülhün, sabitliyin və əmin-amanlığın tərəfdarıdır.

Bu gün Azərbaycanda sabitlik hökm sürür, inkişaf prosesi uğurla davam etdirilir. Bu da dövlətimizin və xalqımızın böyük nailiyyətidir. Əlbəttə ki, Zirvə görüşü bilavasitə burada iştirak edən dövlət və hökumət başçılarının qarşılıqlı əməkdaşlığının, milli maraqlarının uyğunluğunun həqiqətə çevrildiyi bir məkandır. Təşkil olunan iqtisadi forum ölkələr arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bu forumda bir daha səsləndirildi ki, ölkələrin milli maraqlarına söykənən bütün amillər hər bir dövlət tərəfindən müdafiə olunmalı və qorunmalıdır. Sözsüz ki, Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı olması bir sıra mühüm tədbirlərin həyata keçirilməsində vacib rol oynayır. Bu, forumda da öz aydın ifadəsini tapıb".

"Prezident İlham Əliyev göstərdi ki, istər torpaqlarımızın işğal altında olduğu dövrdə, istərsə də 44 günlük müharibədə qələbədən sonra Azərbaycan öz iqtisadiyyatının inkişafına, regionların bərpasına, sülhün təmin olunmasına yeni töhfələr vermək əzmindədir. Azərbaycanın güclü olması üçün onun iqtisadiyyatının inkişafı çox vacibdir. Ölkə rəhbəri forumda çıxışı zamanı müəyyən faktları da diqqətə çatdırdı. Bu bir həqiqətdir ki, son 20 ildə Azərbaycan iqtisadiyyatının 4, dövlət büdcəsinin 30, valyuta ehtiyatlarının 37 dəfədən çox artması ölkənin sosial-iqtisadi həyatını yaxşılaşdırmaqla bərabər, insanların rifah halına da öz müsbət təsirini göstərib. Bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olub. Bu gün dünya ölkələri Azərbaycanı mübariz, qalib, həm də ictimai-siyasi sabitliyin hökm sürdüyü bir dövlət kimi tanıyırlar. Sözsüz ki, bugünkü gündə Azərbaycanın yeni inkişafına yollar açılması, onun iqtisadi cəhətdən möhkəmlənməsindən və yüksəlişindən keçir. Forumda nəqliyyat infrastrukturunun yaradılmasına da böyük önəm verilib. Çünki Mərkəzi Asiya ölkələrinin inkişafı Azərbaycandan keçən nəqliyyat yollarının səmərəli işləməsindən asılıdır.

Prezident İlham Əliyev öz çıxışında bunu xatırladaraq bildirmişdi ki, son illər Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Bu, böyük bir həqiqətdir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına yönəldilən diqqət nəinki dövlətin başlıca vəzifəsi, eləcə də dünya ölkələrinin diqqət mərkəzindədir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə