Rəhbər dəyişikliyi qiymətlərə necə təsir göstərəcək? - İQTİSADÇI DANIŞDI

"Sözsüz ki, AZAL-da qiymət siyasəti ölkə turizminə mənfi təsir göstərir. Qiymətin baha olması turistik səfərlərin sayının azalmasına səbəb olur. Yaxşı olardı ki, yeni rəhbərlik bu məsələləri nəzərə alsın". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda biletlərin qiyməti çox baha idi: "Bu baxımdan AZAL qiymətləri standartlara və bu sahədə olan rəqabətə uyğun tənzimləsə daha yaxşı olar. Çünki AZAL ölkədə tək monopolis şirkətdir.

Hesab edirəm ki, bu cür məsələlər rəhbərliyin dəyişməsi ilə deyil, daha çox rəqabətin artması ilə həll olunur. Əgər bu gün ölkədə başqa şirkətlər üçün də imkanlar yaradılsa, rəqabət mühiti formalaşar. Sözsüz ki, bu rəqabət mühitində qiymətlər daha liberal ola bilər. Yəni, iqtisadi münasibətlər sistemi elə qurulmalıdır ki, qiymətlər şəffaf rəqabətə uyğun olaraq formalaşsın. Bu, həm şirkətlərin inkişafına, həm xidmətin keyfiyyətinə, həm də uçuşlarla bağlı turizm sektoruna öz müsbət təsirini göstərər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə