Vladimir Vinokur: Müslüm Maqomayev həyatımı xilas etdi - MÜSAHİBƏ
Tanınmış komediya ustası Vladimir Vinokur əfsanəvi Müslüm Maqomayevin yaxın dostlarından biri idi, sənətçilər birlikdə qastrol səfərlərinə çıxır, bir-birlərinə dəstək olur, sevinclərini, kədərlərini bölüşürdülər. Bir dəfə Maqomayev Bakıda zəlzələ zamanı dostunu xilas etmişdi... Komediya ustası “Moskva-Baku” portalına müsahibəsində təfərrüatları danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Dostunuz Müslüm Maqomayevi “təvazökar dahi” adlandırmısınız, bu, özünü nədə göstərirdi?
- Müslüm çox ağıllı insan idi. Heç vaxt onun səsini qaldırdığını eşitməmişəm, şortik və cins şalvarda görməmişəm. Oteldə səhər yeməyinə belə kostyumda gedə bilərdi. Böyüklərinə hörmət edirdi... Müslüm xoş xasiyyətli insan idi. Elə oldu ki, gedəndən sonra belə demək düz olmazdı, amma istedad və insani keyfiyyətlər baxımından onun tayı bərabəri olan adam tapılmadı.
- Bir dəfə Bakıda Maqomayev sizi sözün əsl mənasında xilas edib...
- Bakıya qastrol səfərinə gəldim, konsertim oldu, Tamara və Müslümlə görüşdükdən sonra oturduq... məni elə mehmanxanadaca sınaqdan keçirdilər. Səhər oyandım ki, yatağım balkona tərəf sürüşür. Dərhal düşündüm: “Bəlkə çox içmişəm!" Birdən telefon zəng çalır, Müslüm soruşur: "Volodya, indi nə edirsən?" Dedim ki, çarpayıda balkona tərəf sürüşürəm. (Gülümsəyir) Müslüm mənə dedi ki, narahat olma, Bakıda zəlzələ olub. Mənə dedi ki, hamama gir, orada dəmir-beton blok var, məhz belə hallar üçün. Müslümün dediyi kimi etdim. Bir müddət sonra yenidən zəng etdi: “Bitdi, çıxa bilərsən!” Otelin zəlzələ vaxtı küçəyə qaçmayan digər qonaqları arasında mən də var idim, heç vaxt belə hadisələrdə olmamışam, ona görə də nə baş verdiyini dərhal başa düşməmişdim.

- 80-ci illərin sonunda sizi birgə qastrol səfərinə dəvət edən sənətçilərdən biri də Maqomayev olub.
- Bəli! Həyatımda ilk dəfə bir müsəlmanla dost olmaq, ünsiyyət qurmaq mənə qismət oldu, əvvəlcə sədaqətli tamaşaçı oldum, sonra böyük müsəlman sənətkar ilə ABŞ-da qastrol səfərində olduq. Tam bir ay qastrolda olduq, Müslim ayrı, mən ayrı çıxışlar etdik.
- Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə keçirilən konsertdə “Toy” mahnısını ifa etdiniz, niyə məhz bu bəstəni səsləndirdiniz?
- Bu mahnı Müslümün repertuarından ən çox sevilən mahnılardan biridir. Mən tez-tez konsertlərdə alternativ “Mavi əbədiyyət” mahnısını ifa edirəm, amma gənc həmkarlarımla yarışmamaq qərarına gəldim. ( Gülür ) Emin Ağalarov uzun illərdir bu mahnını gözəl ifa edir.
- Gələn il 75 yaşınız tamam olacaq, bu gözəl tarix münasibətilə konsert planlaşdırılır?
- Əlbəttə! Mən işləyirəm, çox gözəl komandam var. Ölkənin hər yerinə və ölkə xaricinə səyahət edirik. Babanın tezliklə 75 yaşı olacağını zarafatla desəm də, özümü gümrah hiss edirəm. Hətta nəvəm Fedya mənə Vovka deyir, heç vaxt “baba” demir. Fedya şahid olub ki, mən daim hərəkətdə olan şən bir insanam. Birlikdə karate məşqləri edirik, qaçırıq, döyüşürük. (gülür)
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB