“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının VII qurultayının açılış tədbiri keçirilib - YENİLƏNİB - FOTOLAR

Mədəniyyətşünas alim, professor Fuad Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) VII qurultayının açılış tədbiri keçirilib. SİA xəbər verir ki, qurultay Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu mühüm hadisə ilə əlaqədar qurultay ərəfəsində Assosiasiya, Azərbaycan xalqının və bütün bəşəriyyətin yüksək ruhi mədəniyyətinin mehrabına qoyulmuş, ölkənin ilk mədəniyyət təşkilatının fədailərinin 30 ildən artıq yaradıcılıq fəaliyyətini əks etdirən, “Ruhi mədəniyyətin inkişafına xidmət” adlı fundamental əsər nəşr edib.

Qurultayda onlarla alim və tədqiqatçının müəllifləri olduğu kollektiv monoqrafiyası təqdim olunub. “Simurq” AMA-nın prezidenti, professor Fuad Məmmədov məruzə ilə çıxış edib, Assosiasiyanın ən fəal azərbaycanlı və xarici üzvlərinə medallar, diplomlar və təşəkkürnamələr təqdim olunub. Qurultay öz işini “Simurq” AMA-nın vitse-prezidenti, təşkilat komitəsinin sədri Anar Cəfərovun moderator kimi çıxış edəcəyi “Kulturologiya və ruhi mədəniyyətin inkişafı” panelində davam etdirib. Assosiasiyanın xarici üzvləri - Sülh Mədəniyyəti İnstitutunun (UNESCO) rektoru, “Avropa-Asiya” Beynəlxalq Akademiyasının prezidenti, “Simurq” AMA-nın vitse-prezidenti, akademik Engel Tağırov (RF), “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin prezidenti, Rusiya Təhsil Akademiyasının (Livan, Rusiya Federasiyası) akademiki Süheyl Fərəh, Dünya Söz Akademiyasının prezidenti, akademik Hayrettin İvgin (Türkiyə) spiker qismində məruzə ilə çıxış ediblər.

Qurultayın proqramına uyğun olaraq, qurultayın qətnaməsi qəbul ediləcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, BMT və YUNESKO-ya müraciət edilib.

Qurultayda Assosiasiyanın ən fəal üzvləri, elm, təhsil və incəsənət nümayəndələri, hərbi qulluqçular iştirak ediblər.

“Simurq” AMA-nın kollektivi hesab edir ki, onun Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafında otuz ildən artıq yaradıcılıq fəaliyyətinə töhfəsi mədəniyyət, elm, təhsil və maarif tarixində parlaq iz qoymuşdur.

“Simurq” AMA 1990-cı ilin aprelində mədəniyyət elminin, təhsilin və maarifçiliyin nailiyyətlərini inkişaf etdirmək və yaradıcılıqla istifadə etməklə Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafına vətəndaş yardımı məqsədi ilə Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən təsis edilmiş yeni tipli ilk çoxşaxəli qeyri-hökumət mədəniyyət təşkilatıdır. Assosiasiya innovativ mədəniyyət konsepsiyalarını işləyib hazırlamış, Azərbaycanda və xaricdə elmi-maarifləndirici layihələr və modellər həyata keçirmiş, üç yüzdən çox konfrans, seminar, mühazirə və ustad dərsləri keçirmiş, beynəlxalq forumlarda məruzələrlə çıxış etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə