Azərbaycan Respublikasının Xalq Artisti Rübabə Muradovanın “90” illiyinə həsr olunub

Dekabr ayının 15-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət İdarəsi G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbində Azərbaycan Respublikasının Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş “Umudulmayan səs” adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Respublikanın Xalq artisti, professor Mirnazim Əsədullayev və Respublikanın Əməkdar artisti Toğrul Əsədullayev, Bakı şəhər 35 nömrəli Uşaq Musiqi məktəbinin direktoru və həmin məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Tədbirin aparıcısı, Nəzəriyyə şöbəsinin müəllimi Könül Şahbazova çıxış edərək öncə qonaqları və tədbir iştirakçılarını Xalq artisti Rübabə Muradovanın 90 illik yubileyinə həsr olunmuş “Unudulmayan səs” adlı musiqili gecəsində salamlayıb: “Bu gün Xalq artisti Rübabə Muradovanın payına düşən cəmi 50 il ömürə nəzər salacağıq, onun heç zaman unudulmayan yanıqlı avazı, coşqun səsi barədə söz açacağıq. R.Muradovanın Azərbaycan musiqisinə verdiyi töhvələrdən danışacağıq. Rübabə Xəlil qızı Muradova 21 mart 1933-cü ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya göz açmışdır. 1946-cı ildə Güney Azərbaycandan quzey Azərbaycana minlərlə insan köçüb gəlmişdi. Rübabə Muradovanın ailəsi də onların sırasında idi. Beləcə Rübabə xanımın ailəsi bir müddət Sabirabad rayonunda yaşayıb, sonra isə Salyana köçürlər. Bir müddətsonra R.Muradova Salyan Dövlət teatrında çalışmağa başlayıb. 1950-ci ildə müğənni Bakıya gəlib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumunu bitirib. Bu tədris müəssisəsində onun müəllimi Seyid Şüşinski olmuşdur. Bir müddətdən sonra Rübabə Muradova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının mahnı və rəqs ansamblında işə başlayıb və ansamblın xorunda oxuyub. İstedadlı musiqiçilərimizin xatirələrini vərəqləyərkən Rübabə Xanımla bağlı çox maraqlı fikirlərə rast gəlirik”.
Sonra musiqisi Bəxtiyar Kərimova, sözləri Məmmədhüseyn Şəhriyara aid olan “Heydər Babaya Salam” mahnısı VIII Muğam Televiziya müsabiqəsinin diplomatı Respublika və Beynəlxalq müsabiqəsi laureatı XI sinif şagirdi Aydan Həmzəyevanın ifasında səsləndirilib. Onu tarda Elbrus Məmmədyarov, kamançada Bayraməli Əliyev, nağarada Bəhruz Hüseynov müşayiət ediblər.

Qeyd etmək lazımdır ki, Rübabə Muradovanın oxuduğu mahnılar muğamlar xalqımızın ürəyincə idi. Rübabə Muradova o qədər şirin oxuyurdu ki, hər bir kəs onun səsini tanıyırdı. O Leylilərin Leylisi idi. Rübabə Opera teatrında “Leyli”dən başqa “Əsli və Kərəm”də Əsli, “Şah İsmayıl”da Ərəbzəngi, “Koroğlu”da xanəndə qız və başqa rolları məharətlə ifa etmişdir.

Sonra digər çıxışlar da olub. Səid Rüstəmovun “İntizar”ını X sinif şagirdi Əli Həsənzadə, Şəfiqə Axundovanın “Nədən oldu” mahnısını VIII sinif şagirdi Gilas Həsənova, “Yandırdın qəlbimi” VIII sinif şagirdi Reyhanə Kərimi, “Bəxtiyaram mən” mahnısını Aydan Həmzəyeva, “Qaragilə” Xalq mahnısını IX sinif şagirdi Əli Əliyev, “Unuda bilmirəm” mahnısını VII Muğam Televiziya müsabiqəsinin qalibi məktəbin Xanəndə müəllimi Murad Rüstəmzadə, Ə.Bədəlbəyli, “Dumanlı Təbriz” pyesindən mahnını məktəbin müəllimi Coşğun Beydullayev, Bəhram Nəsibovun “Sən də həmdəm, mən də həmdəm” mahnısını isə müəllim və şagirdlər ifa ediblər.

Sonra söz məktəbin direktoru Vəfa Həziyevaya verilib. Vəfa xanım ilk öncə məktəbin müəllim və şagirdlərinə öz minnətdarlığını bildirib. Əlavə edib ki, bu gün müəllim və şagird heyətinin Azərbaycan Xalq artisti Rübabə Muradovanın 90 illiyin həsr etdikləri konsert proqramının zalda əyləşən bütün tədbir iştirakçılarında xo təəssürat yaratdığına əminik.

Sonra söz Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verilib. İbrahim müəllim tanınmış xanəndəyə həsr olunmuş tədbirdə fəal iştirak etdiklərinə və yüksək səviyyədə çıxışlarına görə bütün müəllim və şagirdlərə öz minnətdarlığını bildirib.

Daha sonra söz Respublikanın Xalq Artisti Mirnazim Əsədullayevə verilib. O, Rübabə Muradova ilə birlikdə konsertlərdə iştirak etdiyi barədə təəssüratlarını və xatirələrini danışıb: “Tədbirə gəlincə, bildirib ki, əla keçirildi. Ansambıl və müğənnilər çox əla ifa etdilər, tamaşaçıların da ürəyincə oldu”.

Bakı şəhər 11 illik Uşaq Musiqi məktəbinin direktoru, Respublikanın əməkdar müəllimi Fikrət Budaqov isə çıxışında tələbələrin ifalarını yüksək qiymətləndirib: “Vaxt gələcək, bu müğənni-şagirdlərin sorağını xarici ölkələrdən eşidəcəyik”.

Məhəmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə