“Ulu Öndərin mədəniyyətin inkişafında danılmaz və böyük rolu olub” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan mədəniyyətinin inkişafı üçün Ümummilli Lider Heydər Əliyevdən başlayan dövrü mütləq təhlil etmək lazımdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdən sonra Azərbaycanın mədəniyyət elitasının yaranma formasını doğru şəkildə müəyyən etdi. Bir çox yazıçı və musiqi xadiminə, tanınmış şəxsiyyətlərə fəxri adlar verərək, elitanın formalaşması təmin olundu. Bununla da elitada artıq Azərbaycan seqmenti önə çıxmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanda ayrı-ayrı musiqi məktəblərinin açılması, müəyyən ansamblların yaradılması, müxtəlif əsərlərin səhnələşdirilməsi, xarici ölkələrdə tanınmış Azərbaycan mədəniyyət xadimlərinin əsərlərinin nümayiş etdirilməsi bu elitanın tanınması istiqamətində də mühüm işlər görüldüyünü göstərdi: “Bu işlərin hər biri bilavasitə Ulu Öndər Heydər Əliyevin nəzarəti ilə həyata keçirilirdi. Ona görə bu gün də Azərbaycan mədəniyyətinin müxtəlif sahələrindəki uğurları məhz Ulu Öndərin adı ilə bağlıdır. Xüsusilə teatrların qorunub saxlanması, mədəniyyət abidələrinin qorunması məsələləri önə çəkildi. Bütövlükdə sənət insanlarının fəaliyyətlərinin stimullaşdırılması birbaşa olaraq Ümummilli Liderin səyləri nəticəsində mümkün oldu. Bu baxımdan da Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafında danılmaz və böyük rolu olub. Bu gün Azərbaycan mədəniyyəti həmin zəmin üzərində inkişaf edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə