Vyanada “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olub - FOTO

8 Noyabr – Zəfər Günü münasibətilə Vyanada yerləşən “Urania“ kinoteatrında isveçli fotoqraf və operator Mikael Silkberqin “Xarıbülbül əfsanəsi“ sənədli filmi nümayiş olunub. SİA xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkil etdiyi tədbir şəhərin mərkəzindəki “Urania“ kinoteatrında keçirilib və tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli filmin nümayişindən əvvəl çıxışında 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsinin Şuşa şəhərinin işğaldan azad edilməsi və zəfərlə başa çatdığını bildirib. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid Azərbaycan övladlarının xatirəsinin hörmət və ehtiramla anıldığını vurğulayıb.

Qeyd edilib ki, sənədli filmdə barəsində bəhs edilən Xarıbülbül Azərbaycanda təntənə ilə bayram edilən Zəfər Gününün simvoluna çevrilib və dünya azərbaycanlılarının qürur mənbəyidir. Azərbaycanın Qarabağ bölgəsinə endemik olan, məşhur Şuşa qayalarının yamaclarında bitən bu bitki əsrlər boyu xalq sənətkarları, aşıqları, Azərbaycan şairləri və məşhur musiqiçiləri üçün ilham mənbəyi olmuşdur. Filmdə Xarıbülbül haqqında əfsanələrlə yanaşı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin yaranma tarixindən, onun əsasının XVIII əsrdə Azərbaycan Qarabağ xanlığının hökmdarı Pənahəli xan tərəfindən qoyulduğu diqqətə çatdırılır.

R. Sadıqbəyli bildirib ki, bu gün Şuşa dirçəlir və bir daha musiqi və mədəniyyət, sülh və inkişaf mərkəzinə çevrilməkdədir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Azərbaycanın Şuşa şəhərini 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməsi bu şəhərin dünya üçün mədəni və musiqi əhəmiyyətini də vurğulayır.

Filmin rejissoru Mikael Silkeberq sənədli filmin ərsəyə gəlməsindən danışıb və bildirib ki, o ötən il Qarabağa və Şuşaya səfərindən sonra bu tarixi şəhər barədə sənədli ekran əsəri yaratmağa qərarı verib.

Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada çəkilişləri aparılmış filmdə şəhərin simvollarından Şuşa qalası, Bülbülün ev-muzeyi, Vaqifin məqbərəsi, İsa bulağı və Şuşanın əsrarəngiz təbiəti ilə bağlı kadrlar yer alıb. Tarixi şəxsiyyətlər, eləcə də bu şəhərdə doğulub yaşamış mədəniyyət və incəsənət xadimləri haqqında filmdə təqdim olunan məlumatlar tamaşaçıda qala-şəhərimizin musiqi və mədəni ab-havası haqqında hərtərəfli təsəvvür yaradır. Filmdə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən Şuşa və Qarabağın ictimai və ədəbi mühiti barədə müsahibələr alınıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir. Filmdə

Azərbaycanın tanınmış xanəndə və musiqiçiləri, o cümlədən Azərbaycan klassik musiqisinin və operasının banisi Üzeyir Hacıbəyli, Niyazi və Bülbülün Şuşadan olması və Qarabağ bölgəsinin Azərbaycan mədəniyyətinə və eləcə də dünya mədəniyyətinə verdiyi töhfələrə geniş yer ayrılır.

Film təqdimatından sonra qonaqlara ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə