Bu gün Tbilisidə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisində Azərbaycan xalqının Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev və Ali Kaan Orbay, dost ölkələrin hərbi attaşeləri, diplomatlar, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Azərbaycan, Gürcüstan və Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi zamanı canlarından keçmiş Gürcüstandan olan şəhid soydaşlarımızın ailə üzvləri və yaxınları, din xadimləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov tədbirdə çıxış edərək Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə barədə danışıb. Bu Qələbənin Azərbaycan xalqının şanlı Zəfər tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb.
Səfir Faiq Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Qələbəsini şərtləndirən əsas amillər barədə məlumat verib. Bildirib ki, məhz Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar və xalqla Prezidentin möhkəm birliyi bu Qələbəyə möhkəm zəmin yaradıb. Diplomat bu qələbənin əldə olunmasında qardaş Türkiyənin rolunu, eyni zamanda, dost Gürcüstanın dəstəyini, soydaşlarımızın xidmətlərini xüsusi qeyd edib.
Bildirib ki, Azərbaycan dövləti Gürcüstandan olan şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür. Gürcüstandan olan şəhidlərimizin adları əbədiləşdirilib.
Türkiyənin səfiri Ali Kaan Orbay çıxış edərək Azərbaycan xalqını təbrik edib. O deyib ki, Azərbaycanın 44 günlük müharibədəki Qələbəsi regionda sülhün və təhlükəsizliyin, əməkdaşlığın əsasını qoyub.
Sonra Gürcüstandan olan məktəbli Məhəmməd Qasımovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi "O bir dahidir" kitabının təqdimatı olub.
Tədbir çərçivəsində "Oğul" sənədli filmi nümayiş etdirilib.
Bildirilib ki, italyan hərbi jurnalistin dərc olunmamış fotoları birinci Qarabağ müharibəsində, Xocalı soyqırımı, həmin müharibədə xüsusi qəhrəmanlıq göstərmiş Natiq Qasımovun qəhrəmanlığı ilə bağlı xatirələri əsasında çəkilmiş bu film xaricdə ilk olaraq Gürcüstanda nümayiş etdirilib.
Film böyük maraqla qarşılanıb.
Sonda səfir Faiq Quliyev şəhid anaları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB