Bakıda Argentina səfirliyinin təşkilatçılığı ilə II Latın Amerikası Filmləri Festivalı çərçivəsində “Gözlərindəki sirr” adlı növbəti filmin nümayişi baş tutub. SİA xəbər verir ki, nümayişdən öncə Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi Argentina-İspaniya ortaq istehsalı olan film haqqında qonaqlara qısa məlumat verib.
Bildirilib ki, dram janrında çəkilmiş ekran əsəri argentinalı yazıçı Eduardo Saçerinin, bu yaxınlarda Argentina Respublikasının Tərcümələrə Dəstək “Cənub Proqramı” çərçivəsində Azərbaycan dilinə tərcümə edilmiş və yerli “Qanun” nəşriyyatında çap olunmuş “Gözlərindəki sirr” romanı əsasında, Xuan Xose Kampanellanın rejissorluğu ilə 2009-cu ildə ərsəyə gəlib.
Argentina və İspaniya birgə istehsalı olan film iki milyon yarımdan çox tamaşaçı ilə 2009-cu ilin ən uğurlu Argentina filmi və bu ölkənin kino tarixində ən yüksək gəlir əldə edən filmlərdən biri olub. 2010-cu ildə “La historia oficial” (1985) filmindən sonra ən yaxşı xarici film nominasiyasında Oskar qazanan ikinci Argentina filmidir.
Xatırladaq ki, oktyabrın 7-də açılışı olan və noyabrın 25-dək davam edəcək II Latın Amerikası Filmləri Festivalı çərçivəsində Braziliya, Çili, Kuba, Kolumbiya, Venesuela və Argentina filmlərinin nümayişi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB