Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il "Heydər Əliyev İli" elan edilmiş və bu çərçivədə çoxsaylı layihələr həyata keçirilməkdədir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı " elan edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı rəmzi məna daşımaqla yanaşı, yeni inkişaf və əməkdaşlıq strategiyasını gündəmə gətirib. TÜRKSOY və bütün türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi, bu sahədə koordinasiya məsələləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, həmçinin Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi və TÜRKSOY-un 30 illiyi ilə bağlı 2023-cü il oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir. Festivalda iştirak etmək üçün üzv ölkələrin hər birindən- Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İsıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkmənistandan Maxtumkuli adına Türkmənistan Dövlət Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrının kollektivləri Bakıya dəvət olunub.
Noyabrın 1-i Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında festivalın açılış mərasimi keçirili. Açılışda Mədəniyyət naziri Adil Kərimli və TÜRKSOY-un baş katibi Sultan Raev iştirak edib.
Baş katib çıxışı zamanı bildirib ki, türk dünyasında ilk teatr festivalı - TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilib və həmin festivala Azərbaycan ev sahibliyi edib: “Bu günə qədər türk dünyasında teatr platforması yox idi. Ona görə sözügedən festival türkdilli ölkələrin teatrlarının bir-birinə inteqrasiyasına mühüm töhfə verəcək”.
S.Raev vurğulayıb ki, festival teatr adamlarının münasibətlərinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
Açılış mərasimindən sonra tamaşa nümayiş olunub.
Qeyd edək ki, festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının 9-cu toplantısının keçirilməsi də planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB