"Musiqi fənninin tədrisini müasirləşdirmək lazımdır" - Ceyran Mahmudova

"Azərbaycanda musiqi təhsilinin çox böyük və şanlı tarixi var. Bu gün Azərbaycan musiqi təhsilinin yetişdirdiyi kadrlar ölkəmizi hüdudlarından kənarda ləyaqətlə təmsil edir. Bu sahədə nailiyyətlərimiz danılmazdır". SİA xəbər verir ki, bu sözləri musiqişünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib.

C. Mahmudova bildirib ki, bütün bunlarla yanaşı, bir sıra problemlər də mövcuddur: "İlk olaraq qeyd edim ki, musiqi təhsili çox böyük anlayışdır və bir sıra komponentlərdən irəli gəlir. Ən böyük komponent ümumtəhsil məktəblərində keçirilən musiqi fənnidir. Azərbaycanın bütün şagirdlərinə bu fənn tədris olunur. Musiqi təhsilində əhatəsinə görə ən böyük pay bu fənnin üzərinə düşür. Musiqi fənnin tədrisini fəallaşdırmaq, bir qədər dəyişdirmək və müasirləşdirmək lazımdır. Çünki heç də bütün Azərbaycan şagirdləri gələcəkdə musiqiçi olmur. Lakin bu fənn vasitəsilə onlarda Azərbaycan musiqisi, onun görkəmli şəxsiyyətləri barədə təəssürat yaranır. Bizim şagirdlər təməl musiqi biliklərini məhz bu fənn sayəsində öyrənir".

Bütün xəbərlər Facebook səhifəmizdə