Rəsul Həmzətov haqqında kitabın təqdimatı olub

Bakıdakı Rus evində görkəmli sovet ədibi, Dağıstanın Xalq şairi Rəsul Həmzətov haqqında kitabın təqdimatı olub. Kitabın müəllifi publisist və politoloq Reyhan Mirzəzadədir. “Rəsul Həmzətov – milyonların qəlbini fəth edən şair” kitabı bu yaxınlarda işıq üzü görüb. Nəşr şairin 100 illik yubileyinə həsr olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu əsərdə çoxsaylı arxiv fotoşəkilləri, o cümlədən Rəsul Həmzətovun Azərbaycanın siyasi və ictimai xadimləri, görkəmli ədibləri, alimləri və musiqiçiləri ilə birgə fotoları yerləşdirilib. Kitaba, həmçinin baş qəhrəmanın məktubları və xatirələri, onun nəsr və poeziya əsərlərindən parçalar daxil edilib. Əsər Azərbaycan dilində yazılıb, illüstrasiyanı rəssam Könül Məmmədova hazırlayıb, dizayner Lətifə Əliyeva isə kitabın tərtibatını verib.

Kitabın müəllifi Reyhan Mirzəzadə Rəsul Həmzətov şəxsiyyətinin insanlarda böyük maraq doğurmasının səbəblərini açıqlayıb: “Rəsul Həmzətov böyük insan və əsrin şairi idi. O, dünya ədəbiyyatının Dağıstan zirvəsi idi. Şairin yaradıcılığı vahid bir kitabdır. Bu kitab müdriklik və igidlik, sevgi və ağrı-acı, dua və lənət, həqiqət və inam, nəciblik və xeyirxahlıq, an və əbədiyyəti ehtiva edirdi. Rəsul Həmzətov böyük humanist idi, onun yaradıcılığı həyata, insanlara, torpağa, dünyaya məhəbbətlə yoğrulmuşdu. Şairin yaradıcılıq üfüqləri, əsərlərindəki ahəngdarlıq və yeni kəşflər, habelə sirli və qavranılan məfhumlar, səmavi və ülvi hisslər oxucunu cəlb edən cəhətlər idi”.

Reyhan xanım hesab edir ki, şairin yaradıcılığı günümüzdə də aktualdır: “Rəsul Həmzətovun özünün də dediyi kimi, şairin həmişə üç ilhamvericisi olub: birincisi, onun doğulduğu torpaq, ikincisi – təbiət, üçüncüsü, müdriklik ehtiva edən kitab. Düşünürəm ki, Rəsul Həmzətovun yaradıcılığı həmişə aktual, gərəkli və mühüm olacaq. Çünki, onun əsərləri dünya ədəbiyyatının böyük poeziya nümunələridir. O, təkcə öz xalqına deyil, bütün dünyaya məxsusdur. Rəsul Həmzətov həm dünya şairi, həm dünya siyasətçisi, həm də dünyanın dostu idi. Onun təmiz qəlbi var idi, insanlara hörmətlə yanaşırdı, həmişə arzulayırdı ki, dünyada sülh olsun, xalqlar mehriban yaşasın, uşaqlar xoşbəxt böyüsün. Onun əsərləri həmişə aktualdır! Arzu edirəm ki, Rəsul Həmzətovun kitabları ölkəmizdə böyük tirajlarla buraxılsın. Uşaqlar, yeniyetmələr, məktəblilər və tələbələr bu əsərləri oxusun. Çünki, Rəsul Həmzətovun poeziyası böyük xəzinədir və gənc nəsil onun yaradıcılığını öyrənməlidir”.

Tədbir anşlaqla keçib. Qonaqlar arasında Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Çingiz Abdullayev, həmçinin özünün II kurs tələbələri ilə çıxış hazırlayan Əməkdar artist Nofəl Vəliyev olublar. Dağıstan hökumətinin nümayəndələri, RF səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Pavel Kuznetsov, Azərbaycanın Dağ Yəhudiləri icmasının sədri Melix Yevdayev və digər şəxslər də tədbirdə iştirak ediblər.

Bu kitabın təqdimatı görkəmli şairin adı ilə bağlı yeganə tədbir deyil. 2023-cü ilin oktyabrında Bakıdakı Rus evi Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş geniş tədbir keçirməyi planlaşdırır. Bu barədə Rus evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Qavrilova bildirib: “Rəsul Həmzətovun 100 illiyi çərçivəsində təkcə Rusiyada deyil, Azərbaycanda da böyük tədbirlər keçiriləcək. Biz bu tədbirlərə kitab təqdimatı ilə başladıq və oktyabrın 8-də Muğam Mərkəzinin səhnəsində ədəbi-musiqili tədbirlə davam edəcəyik. Sonradan Bakıya Dağıstandan qonaqlar gələcək və onlar Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə