“Ölkəmizdə daim sənətə, sənətkara böyük diqqət və qayğı göstərilib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda bütün dövrlərdə sənətə, sənətkara böyük diqqət və qayğı göstərilib. Əsl sənət adamları, sənətkarlar hər zaman hörmət sahibi olublar, onlara məclislərdə xüsusi diqqət göstərilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.


Onun sözlərinə görə, bu ənənə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründə daha da güclənmiş və dövlət səviyyəsində qayğıya çevrilmişdir: “Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk dövrdə, Sovetlər dönəmində sənət adamları, sətənkarlarımız ən yüksək səviyyədə dəyərləndirilib, himayə olunublar. Bu qayğının nəticəsində yüksək dəyərli mükafatlara layiq əsərlər yaranmış, incəsənət xadimlərimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq Artisti, Xalq Rəssamı kimi yüksək fəxri adlara layiq görülmüşlər”.

Deputat sözlərinə belə davam edib: “Bütün bunların olması üçün Ulu Öndər bəzən hətda öz həyatını təhlükəyə atıb. Bəli, o dövrün reallıqlarında sənət adamlarını rejimin təqib və təzyiqlərindən qorumaq, fəaliyyətlərinə şərait yaratmaq asan deyildi.

Ulu Öndər hakimiyyətə ikinci dəfə gəldikdən sonra mədəniyyət və incəsənətimizdə tamamilə başqa bir canlanma yaranmış, misli görünməmiş inkişaf və tərəqqi yoluna qədəm qoyulmuşdur.

Ulu öndərin siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin dövründə də bu kurs, bu siyasət daim davam etdirilmiş və bu gün də böyük uğurlara imza atılmaqdadır. Ölkə başçısı heç bir sənət adamını, sənətkarı diqqətdən, nəzərdən kənarda saxlamır, daima yaradıcı insanlarla görüşür və çoxsaylı fərman və sərəncamlarla onlar ən yüksək ali mükafatlara, fəxri adlara, təqaüdlərə layiq görülürlər.

Dövlət başçımızın mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də dəfələrlə görkəmli sənət adamları ilə görüş keçirməsi, səmimi ortamda onlarla söhbəti və onların yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalamasıdır.

Buna misal olaraq avqustun 8-də yubileyi münasibətilə Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə yadda qalan Xalq artisti Rasim Balayevə “İstiqlal” ordeninin təqdim edilməsi zamanı görmək mümkündür.
Təqdimat zamanı Azərbaycan Respublikasının Prezidenti, görkəmli aktyoru yubileyi münasibətilə təbrik etmiş və demişdir "Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam".

Cənab Prezidentin bu təbriki, həm də ki, kino sferasında, kinematoqrafiya sənətinin tezliklə istənilən inkişa çatması və Rasim Balayev kimi bir çox görkəmli aktyorlarımızı ekranda görmə arzusudur.

Xalq artistinin cənab Prezidentimizə cavabı isə, bütün sənət adamlarının qəlbindən keçən arzu-diləyi idi.

"Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.

Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı və diqqət təkcə sadaladıqalrımızla bitmir, muğamlarımızdan, musiqimizdən, tarixi-memarlıq abidələrimizdən tutmuş milli bayramlarımıza, adət-ənənələrimizə, etnoqrafiyamıza, dilimizə, dinimizə, elmimizə, ədəbiyyatımıza, təhsilimizə, gənclərimizin təlim-tərbiyəsinə, mədəni-mənəvi aləmimizin bütün sahələri onun daim diqqət mərkəzində, qayğı və himayəsindədir.

Cənab Prezident demişdir: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”.

Bəli bu diqqət və qayğını görən mədəniyyətimizin bütün sferalarında çalışan sənət adamları daha da səylə çalışaraq Azərbaycan mədəniyyətinin inkişafına, dünya səviyyəsində tanınmasına öz töhvələrini verməyə çalışırlar. Hər bir Azərbaycanlı kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbəliyi ilə çiçəklənən Azərbaycanda yaşamağın Sevinc və qürurunu yaşayırıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə