"Xüsusi istedadların hər birini qorumaq lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mədəniyyət xadimlərinə qayğısı Azərbaycanın mədəniyyət siyasətinin strateji məsələsidir. Çünki mədəniyyət xadimləri xüsusi istedadlardır. Xüsusi istedadların isə hər birini qorumaq lazımdır. Qorumaq da müxtəlif baxımlardan ola bilər. Mədəniyyət xadimlərinin maddi təminatının yaxşılaşdırılması, onların yaratdığı əsərlərin təbliği, öz yaradıcı şəxsiyyətlərinin təbliğ olunması, onların mükafatlandırılması baxımından Azərbaycan dövlətinin Ümummilli lider Heydər Əliyevdən başlayan özünəməxsus bir siyasəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət xadimi həmişə hörmətli olub: "Dövlət hər zaman hər bir mədəniyyət xadiminə xüsusi qayğı göstərib, onların daha yaxşı çalışması və milli mədəniyyətimizin inkişafına daha böyük töhvələr verməsi üçün nə imkanları olubsa, hətta imkanı az olan dövrlərdə də bunun üçün şərait yaradıb.

Prezident İlham Əliyev də bu ənənəni yeni tarixi şəraitdə çox uğurla davam etdirir. Bu günlərdə gördük ki, görkəmli kino aktyorumuz Rasim Balayevə "İstiqlal" ordeni verildi. İndiyə qədər də Rasim Balayev həmişə dövlətimiz tərəfindən mükafatlandırılıb və onun istedadına xüsusi hörmət və ehtiram ifadə olunub. Çünki Rasim Balayevin canlandırdığı rollar kino sənətimizin şedevrləridir. Bu mənada da ona göstərilən qayğı və hörmət Azərbaycan mədəniyyət və incəsənətinə olan qayğıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə