COP29-da ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi ilə bağlı panel

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində "İqlim dəyişikliyi və məhkəmələr: İqlim mühakiməsi üzrə məhkəmə perspektivləri" mövzusunda keçirilən rəsmi yan tədbirində panel təşkil olunub. Ali Məhkəmədən SİA-ya verilən məlumata görə, panelə Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov sədrlik edib.

Çingiz Əsgərov Azərbaycanda ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi və ölkəmizin beynəlxalq səviyyədə atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub, müvafiq qanunlarda və digər normativ-hüquqi aktlarda bu hüququn həyata keçirilməsi qaydası və təminatları müəyyən edilib.

Çingiz Əsgərov həmçinin ətraf mühitlə bağlı milli məhkəmələrin hökm və qərarlarının əhəmiyyətini qeyd edib və bu sahədə beynəlxalq tribunalların presedent hüququnun inkişafına töhfə verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə