“Nə Ukraynada sülh yarada bildi, nə dünya hegemonluğuna nail oldu, üstəlik Çinlə ticarət müharibəsinə girişib ABŞ-ın özünü də riskə atdı”

Əvvəlcə ABŞ prezidentliyinə namizəd olanda böyük səs-küylə bəyanatlar verdi, dünyanı şoka salan fikirlərlə hakimiyyətə gəldi. Ağ Evə girər-girməz isə başgicəlləndirici qərarlara imza atdı, Volodimir Zelenskini Ağ Evə çağırıb hərbə-zorba gəldi. Hətta Vladimir Putinlə birləşib Avropanı diz şökdürəcəyi gözlənilirdi. Lakin bunların heç biri hələ ki baş verməyib. Təkcə 50-dən çox ölkəyə vergi və gömrük “müharibəsi” tətbiq etməkdən başqa. Artıq ABŞ Konqresində Donald Trampın impiçmenti barədə səslər yüksəlir. Açıq şəkildə görünür ki, D.Trampın hegemonluq iddiaları iflasa uğrayıb. ABŞ prezidentinin dünyada iqtisadi müharibələrə və hətta bəşəriyyəti böhran və aclıq təhlükəsinə sürükləyən “ticarət doktrinası” ilk zərbə kimi ABŞ-ın özünə dəyəcək.
Çünki Çin şirkətlərinə qarşı vergi və gömrük sanksiyalarını 50 faizə qədər yüksəldən D.Tramp, əslində, bu addımı ilə ilk əvvəl ABŞ şirkətləri üçün quyu qazdığının fərqində olmayıb çox güman. Çünki rəsmi Pekin də bunun qarşılığında Çin ilə ticarət tərəfdaşı olan ABŞ şirkətlərinə qarşı ikiqat rüsum və gömrük “sığalı” çəkib. D.Trampın Çin əleyhinə ticarət düşmənçiliyini artıq iflas etmiş də saymaq olar. Çünki dünyada hegemon olmaq iddiasını hər gün artıran Çin dövləti D.Trampın bu siyasətinə neçə müddətdir ki hazırlaşırmış və Ağ Evdən gələn zərbələr qarşısında hazırlıqlı görünür. Diqqət edin, Ağ Evin bu radikal addımları ABŞ-ın özü də daxil olmaqla, əksər dünya ölkələrinin ticarət maraqlarına ciddi zərbə vurmağa başlayıb. Xüsusilə bu zərbələr böyük maliyyə itkilərində özünü açıqca ortaya qoyur. Dünyanın ən etibarlı KİV-ləri ümumi iqtisadi itkilərin trilyonlarla dollara bərabər olduğunu yazırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, dünyada bir nömrəli maraq kimi daima öndə olan ticarət maraqları və “rüsum müharibəsi” artıq Vaşinqtonun özündə “od tutub yanacaq”. Həm siyasi, həm də iqtisadi mənada. Çünki hazırda baş verən proseslər açıq şəkildə onu göstərir ki, D.Tramp bu hədə-qorxu siyasəti ilə, əslində, reallaşdıra bilməyəcəyi işin qulpundan yapışıb və indi təkcə özünü deyil, həm də bütün ABŞ-ı ciddi risk altına salıb.
Onun Ukraynada birtərəfli şəkildə “sülh yaratmaq” planı da lazımsız kağız kimi zibil qabına atılıb. Çünki nə əvvəlki kimi V.Zelenski ondan qorxmur, nə də “dost” adlandırdığı V.Putin artıq onunla eyni yolu getmək istəmir. Üstəlik, ilk günlərdə D.Trampın addımları qarşısında özünü itərən Avropa İttifaqı liderləri də artıq soyuq başa düşünür və “qorxunc” ABŞ prezidentindən qəti şəkildə çəkinmirlər. Netanyahu ilə Ağ Evdəki görüşdə Suriya və Türkiyə barədə nə qədər iddialı fikirlər səsləndirsə də, artıq D.Trampın qorxunc və iddialı mifi əriyib yoxa çıxır...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə