"Nəsimi ili, Nəsimi dili” davam edir

Prezident İlham Əliyevin mütəfəkkir şair, məslək və əqidə sahibi İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi sərəncamı ölkəmizdə bu istiqamətdə silsilə tədbirlərin keçirilməsinə geniş şərait yaradıb. SİA-nın məlumatına görə, Bakı Uşaq Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqında şairin 650 illiyinə həsr olunmuş "Nəsimi ili, Nəsimi dili” adlı festivalın təşkili qərarlaşdırılıb. Festivalda Sumqayıt Dövlət Dram Teatrının kollektivi Ə.Qiyasın "Şah və Sultan” kompozisiyası ilə iştirak edir. Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və gənc aktyor Şəmistan Süleymanlı ilə xalq artisti Firudin Məhərrəmovun hazırladığı tamaşa-kompozisiya taxt-tac sahibi ilə şairin mükaliməsinə həsr olunub. Tamaşada sultan gizlincə hürufiliyi öyrənir, Nəsimin şeirlərini və fəlsəfi düşüncələrini mənimsəyir. O, Nəsiminin Allahı dandığını deyil, ona daha böyük sevginin fəlsəfəsi ilə yanaşdığını dərk edir. Taxt-tac sahibi şairi xilas etmək istəyir. Amma mükalimədə məlum olur ki, bu məşəqqətli yol sadəcə oxumağı, öyrənməyi deyil, ruhi bağlılığı tələb edir. Kamil insan fəlsəfəsində mənsəb, maddiyyat bolluğu əsas deyil. Gərək mənən də, cismən də odun içindən keçəsən, inam və iman sayəsində əngəlləri adlaya biləsən. Sonda taxt-tac sözün qüdrəti qarşısında aciz qalır. Mədəniyyət ekspertləri kompozisiyanın "Nəsimi ili”nə layiqli töhfə olduğunu bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...