Hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalasında təqdim olunacaq - Nazim Mahmudov

Azərbaycan ərazisində Erkən Xəbərdarlıq Sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Xəbərdarlıqların tərtib edilməsilə bağlı daha bir yenilik “Rəng” Xəbərdarlıq Sisteminə keçidlə bağlıdır. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov mayın 8-də Situasiya Mərkəzində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xəbərdarlıqlar müxtəlif kontingentlər üçün daha anlaşılan forma olan rəng şkalasında əhaliyə təqdim olunacaq ki, bu da əhalinin diqqətini daha çox cəlb etmək və xəbərdarlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün önəmlidir.

“Sarı rəngdə xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “Orta risk” deməkdir. Yəni, bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin göstəricisidir. Bu, kiçik xəsarətlər üçün bəzi potensial təhlükələrin olduğunu göstərir. Gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq və qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir.

Narıncı xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka “Yüksək risk” deməkdir.

Yəni təhlükəli meteoroloji şərait yaşayış obyektlərinə və əmlaka təhlükə yarada, dağıntılara və tələfatlara səbəb ola bilər.

Qırmızı xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ”çox yüksək ekstremal risk” deməkdir. Təhlükəli meteoroloji şərait qaçılmazdır. Fövqəladə dərəcədə intensiv meteoroloji hadisələr proqnozlaşdırılıb. İnsanın həyatını itirməsi, əmlaka və infrastruktura böyük ziyan vurma ehtimalı çox yüksəkdir", - deyə N.Mahmudov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə