Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib - FOTOLAR

Xətai Sənət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. SİA xəbər verir ki, tədbirlər çərçivəsində gənc rəssam Fidan Əmirovanın "Naxışların izi ilə" adlı fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə F. Əmirovanın 35-ə yaxın dekorativ tətbiqi sənət əsəri nümayiş olunub. Əsərlərdə müxtəlif texnikaları əhatə edən xalça elementləri yer alıb.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov, ARI "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri Aydın Rəcəbov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və digər sənət nümayəndələri, ictimai xadimlər və digər sənətsevərlər iştirak edib.

Tədbirdə çıxış edən şəxslər Fidan Əmirovanın xüsusi bacarıqlarından, nailiyyətlərindən danışıb.
Sərgidə nümayiş olunan əsərlər Azərbaycanın zəngin irsi olan xalçalarını müasir sənət anlayışı ilə birləşdirir, ənənəvi xalça naxışlarını müasir sənət yoluna daşıyır, bu dövrə uyğunlaşdırır və yeni obrazla təqdim edir. Əsərlər qədim xalça elementlərini müasir rənglər, formalar və texnikalarla tərənnüm edir.

Sərgi iştirakçıları keçmiş və müasirlik arasında təsirli balansı aşkar edəcək xalça motivlərinin unikal unikal gözəlliyi ilə tanış olublar.

Qeyd edək ki, 2005-2016-cı illərdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alan Fidan Əmirova bir sıra respublika və beynəlxalq sərgilərdə iştirak edib, onlarla diplom, sertifikat və mükafatlarla təltif edilib.

Xatırladaq ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Fidan Əmirovanın bundan öncəki sərgisi İsveçrədə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə