Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Böyük Britaniya televiziyasının 4-cü kanalında “Dünyanın xəzinələri Bettani Hyuzla” adlı yeni sənədli film seriyasında Azərbaycanla bağlı epizod yayımlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “İpək Yolları və Qafqaz” adlı epizodda teleaparıcı və tarixçi Bettani Hyuz qədim amazonların 4 min il əvvəl yaşamış qadın döyüşçülərinin izinə düşür. O, Böyük Qafqazın, Avropanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq dağ kəndinə səfər edir. Hyuz səfəri ilə bağlı belə deyir: “Bu kənd o qədər orijinaldır ki, sanki orada zaman anlayışı silinib”.

Bettani Hyuz Xınalıq kəndində bir ailənin qonağı olur və onlardan dağlardan enən döyüşçü qadın əcdadları haqqında rəvayətləri eşidir. Filmdə xüsusi vurğulanır ki, Xınalıqda Tunc dövrünə aid yaşayış məskənləri olub.

Filmin süjetindən görünür ki, aparıcı daha sonra Naxçıvan Muxtar Respublikasına səfər edib. Filmin bu hissəsində Tunc dövrünə aid nekropolda aparılan qazıntılar zamanı qadınların ülgüc kimi iti ox ucları, tunc xəncər və gürz kimi silahlarla, habelə zərgərlik məmulatları ilə dəfn edildiyi məlumatlar yer alıb. Orada iddia edilir ki, bu artefaktlar dörd min il əvvəl yaşamış Amazon qadınlarına aid ola bilər.

Filmdə Əlincə qalasından, Şəki Xan sarayından da maraqlı kadrlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə