"Azərbaycan ərazilərini azad etsə də, mina terroru ilə mübarizə davam edir" - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Mina terroru Azərbaycanın ikinci Qarabağ savaşında, Vətən müharibəsində qələbə qazanandan, işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa edəndən sonra rastlaşdığı terror növüdür". Bu sözləri SİA-ya açıqlamasında polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, bu terror əməliyyatı da Azərbaycan ərazisinin minalanması ilə bağlıdır: "Bəzi məlumatlara görə Azərbaycan ərazisində bir milyona qədər mina yerləşdirilib. Hal-hazırda statistik məlumatlara əsasən ərazilərin 20%-i tam şəkildə təmizlənməyib. Bu da onu göstərir ki, mina terroru ilə mübarizə uzun çəkən prosesdir. Mina yerləşdirmək az vaxt tələb edir və nisbətən ucuz fəaliyyətdir. Minanın istehsal və yerləşdirilməsinə 10 dollardan 100 dollara kimi sərf oluna bilirsə, onu axtarıb zərərsizləşdirmək üçün 300 dollardan 1000 dollara kimi qiymət sərf olunur. Ona görə mina sahələrinin təmizlənməsi və Azərbaycan əhalisinin işğal olunmuş ərazilərə qaytarılması üçün təhlükəsizliyin təmin edilməsi çox ağır, bahalı prosesdir.

Minaların qadağası ilə bağlı qəbul edilən beynəlxalq konvensiyanın əsasları nəticəsində hər iki tərəf öz mina sahələrini təmizləyib bir-birinə təhvil verməlidir. Digər tərəfdən xəritələr təqdim olunmalıdır. Ancaq Ermənistan bu konvensiyanın müddəalarını yerinə yetirmir. Verilən xəritələr 20-25% də olsun təhlükəsizlik cəhətdən tələblərə cavab vermir".

"Qazaxın 4 kəndi azad ediləndə ermənilər orada öz mövqelərinin ətrafında olan mina sahələrini təmizləyib Azərbaycana təhvil verdilər. Ancaq buna da 100% əmin olmaq olmaz. Ola bilsin ki, minalar başqa yerlərdə də var. Azərbaycan ərazisi işğaldan azad ediləndən sonra yeni mina sahələri məhz antiterror tədbirlərindən sonra da əlavə olundu. Çünki 400 kilometri əhatə edən ərazi minalanıb. Antiterror tədbirlərindən sonra o ərazilər də minalanmış qalıb. Onların da xəritələri və başqa şeylər Azərbaycana təqdim olunmayıb. Ona görə Azərbaycan ərazilərini azad etsə də, mina terroru ilə mübarizə davam edir. Bununla bağlı Azərbaycan hər işi görür. Ən yeni avadanlıqlar, uzaqdan idarə olunan minaya qarşı texnika və sair Azərbaycana gətirilir. ANAMA çox aktiv fəaliyyət göstərir. Azərbaycanın güc strukturlarının mühəndis istehkam bölmələri burada aktiv iştirak edirlər. Ancaq bu qədər mina olan sahədə bu proses uzun çəkir. Hələ ki, yol şəbəkələr, enerji logistika və infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər aparılır. Sonra isə bu ərazi getdikcə genişlənəcək. Düzdür, beynəlxalq qurumlar Azərbaycana bu məsələdə yardımda həmişə olduğu kimi ikili standartlarla yanaşır. Çünki konvensiyanın müddəalarına əsasən donor ölkələr minalanmış sahələrin təmizlənməsində iştirak etməlidirlər, vəsait ayrılmalıdır. Azərbaycan Respublikasının Prezidenti Almaniyada olanda bununla bağlı müəyyən söhbətlər getdi. Ancaq orada ayrılan məbləğ də, demək olar ki, çox az məbləğdir.

Azərbaycannın mina təmizləmə prosesində qardaş ölkə Türkiyənin bir qrupu iştirak edir. Rusiya Federasiyasının fövqəladə hallar Nazirliyinə aid bir taqım orada fəaliyyət göstərir. Ona görə də, bununla bağlı Azərbaycan hökuməti yeni imkanlardan bəhrələnmək üçün addımlar atır, müraciətlər olunur. Hər halda bu istiqamətdə iş gedir. Bu gün Azərbaycanın mütəxəssisləri, mina təmizləmə ilə məşğul olanlar ən çox mina təmizləyənlərin arasında birincilər sırasındadır. Hal-hazırda Azərbaycanın həm təhlükəsizliyi təminat baxımdan, orada infrastruktur layihələrinin həyata keçirilməsini sürətlə apara bilmirik. Çünki bütün ərazilər minalardan təmizlənməyib. Ancaq təmizlənəndən sonra orada yeni evlərin tikilməsi, infrastruktur obyektlərin yaradılması ilə bağlı mühüm işlər aparılacaq. Düşünürəm ki, bundan sonra da Azərbaycan bu işlə məşğul olacaq. Lazım olan dəstək və diqqət Prezident İlham Əliyevin rəhbərliyi altında nəticələr verəcək, Azərbaycan ərazisinin minadan təmizlənməsində işlər genişləndiriləcək, yeni yaşayış evləri, infrastruktur layihələri yaradılması üçün imkan yaradılacaqdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə