Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Sloveniyanın Nova Qoritsa şəhərində Azərbaycan xalqının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində baş tutub.

Azərbaycanın və Sloveniyanın Dövlət himnləri səsləndirildikdən sonra, Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Ağalar Vəliyev, Sloveniya Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara, Nova Qoritsa şəhərinin merinin müavini Marko Tribuşon çıxış ediblər.

Azərbaycan nümayəndə heyəti tərəfindən səsləndirilmiş çıxışlar zamanı Mixaylonun xatirəsini əziz tutduğuna görə Sloveniya dövlətinə və xalqına Azərbaycan hökuməti və xalqı adından təşəkkür ifadə edilib. Əfsanəvi partizan Mixaylonun xatirəsini ehtiramla yad etmək məqsədilə Azərbaycan və Sloveniya nümayəndə heyətlərinin Nova Qoritsada toplaşmasının artıq uzun illərdir gözəl bir ənənəyə çevrildiyinə toxunulub. Qeyd edilib ki, Sloveniyada Mehdi Hüseynzadənin memorial muzeyinin fəaliyyət göstərməsi, onun abidəsinə daim diqqət yetirilməsi xalqımız üçün qürurvericidir.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə əfsanəvi kəşfiyyatçının bu kənddə abidəsinin, daha sonra isə 2011-ci ildə onun xatirəsinə həsr olunmuş muzeyin yaradılmasının qısa tarixçəsi təqdim olunub.

Çıxışı zamanı səfir R.Sadıqbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün birgə iştirakı ilə memorial muzeyinin açılışının Mixaylonun həm də Azərbaycan və Sloveniya arasında dostluğun rəmzi olduğunu və onun xatirəsinin iki xalqın biri-birinə daha da yaxınlaşmasında xüsusi rol oynadığını vurğulayıb. Qəhrəmanımızın xatirəsinə Sloveniyada bəslənilən hörmətin və doğma münasibətin dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etdiyi nəzərə çatdırılıb və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.

Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Ağalar Vəliyev Sovet dönəmində Mehdi Hüseynzadənin adının əbədiləşdirilməsinin təşəbbüskarının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin olduğu, bu xoş ənənənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb. Mehdi Hüseynzadənin qısa, lakin mənalı ömrünün və şərəfli döyüş yolunun bugünkü və gələcək nəsillər üçün bariz nümunə olmaqla yanaşı xalqlarımız arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə əvəzsiz töhfə olduğu diqqətə çatdırılıb.

Sloveniya nümayəndə heyəti tərəfindən səsləndirilmiş çıxışlar zamanı Azərbaycan və Sloveniya arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğu qeyd edilib, Mehdi Hüseynzadə kimi qəhrəman oğula görə Azərbaycan xalqına minnətdarlıq ifadə edilib. Mixaylonun uzaq bir ölkədən gələrək Sloveniyanın azad olunmasında iştirak etdiyi və sloven xalqı uğrunda gənc ömrünü fəda verdiyi qeyd olunub. Azərbaycan və Sloveniya xalqları tərəfindən Mixaylonun xatirəsinin uzun illər ərzində qorunub saxlanılmasının insan bağlarının qalıcı gücünün sübutu olduğunu vurğulanıb, onun cəsarəti və igidliyi haqqında hekayələrin bu gün də slovenlər arasında yaşadığı bildirilib. Azərbaycan və sloven xalqları arasında sıx bağlılıq və dostluq əlaqələrinin mövcud olduğu və bu bağın möhkəmliyində Mixaylo fenomeninin mühüm rol oynadığı bildirilib. Azərbaycan və Sloveniya xalqlarının müştərək qəhrəmanının əziz xatirəsini hər zaman uca tutduğu və ona dərin ehtiram ifadə etdiyi vurğulanıb.

Sloveniya Respublikasının parlamentinin hər iki palatasının - həm Milli Assambleyasının, həm Milli Şurasının, Xarici və Avropa İşləri üzrə Nazirliyinin, İqtisadiyyat, Turizm və İdman Nazirliyinin, Ətraf mühit, Energetika və İqlim Nazirliyinin, Müdafiə Nazirliyi daxil olmaqla bir sıra dövlət qurumlarının yüksək səviyyəli nümayəndələrinin, habelə Türkiyə Respublikasının Sloveniyadakı Səfirliyinin, Sloveniyanın müxtəlif regionlarından gələn ziyalıların, Nova Qoritsa Universitetinin rektoru daxil olmaqla akademik dairələrin, Sloveniya Müftisinin Ofisinin, Sloveniyadakı Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbir daha sonra yerli ictimaiyyətin üzvləri tərəfindən hazırlanmış mədəni proqramla davam edib. Tədbir çərçivəsində həmçinin yerli məktəblilər Sloveniyanın azadlığı uğrunda döyüşmüş qəhrəmanların şərəfinə mahnı və şeirlər, musiqi parçaları səsləndiriblər.

Tədbir iştirakçıları Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsinə baş çəkib, Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklillər qoyub, Mixaylonun xatirəsinə yaradılmış muzeylə tanış olublar. Muzeydəki o dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatlar tədbir iştirakçılarında qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında dolğun təəssürat yaradıb.

Daha sonra Azərbaycan və Sloveniya nümayəndə heyətləri Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə əklil qoyub, qəhrəmanın xatirəsini yad edib.

Tədbirin sonunda nümayəndə heyətləri, yerli əhali və veteran təşkilatlarının iştirakı ilə Çepovan qəsəbəsində Mehdi Hüseynzadənin məzarı ziyarət edilib, əklillər qoyulub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Nova Qoritsa şəhərinin meri ilə görüşü də olub. Görüş zamanı mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Dostluq münasibətlərimizin parlaq rəmzinə çevrilən Mixaylonun xatirəsinə göstərilən yüksək diqqət və dəyərə görə qarşı tərəfə təşəkkür ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə