Yanğın təkrar-təkrar alovlanır

Bütün səylərə baxmayaraq, Yunanıstanın meşə massivlərində 10 gündür davam edən meşə yanğınlarının əksəriyyətini nəzarət altına almaq mümkün olmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Afinanın da yerləşdiyi Attika bölgəsinin şimal hissələrində, Eğriboz yarımadası və Peloponnes yarımadasında yanğınlar təkrar-təkrar alovlanır.

Ölkə daxilində baş verən yanğınlar nəticəsində 500 min hektar meşə və əkin sahələri, yüzlərlə ev və iş yerləri məhv olub və bir çox nəqliyyat vasitəsi yararsız hala düşüb.

Yunanıstan Baş naziri Miçotakis ölkədə davam edən meşə yanğınları ilə bağlı diqqətəlayiq açıqlamalar verib. 500 min hektar meşə və əkinçilik sahəsinin kül halına gəldiyi yanğınlar üçün "Qorxulu bir yay" ifadəsini işədən Miçotakis deyib: "İlk olaraq insanların həyatını qorumağa çalışdıq, yanğına yaxın olan yaşayış məntəqələrini boşaltmağa çalışdıq, buna görə də heç bir insan itirmədik".

Miçotakis yanğına qarşı mübarizə üçün "lazımi yardım göstəriləcək",- deyə əlavə edib. Digər tərəfdən, əksəriyyəti qadınlardan, uşaqlardan və qocalardan ibarət olan və evlərini tərk edərək Agios Nikolas sahillərində toplanan yüzlərlə insan, Eğribozun şimalından gecə boyunca bərə və gəmilərlə təxliyə edilib. Yanğın bölgələrindən uzaqlaşdırılanlar otellərdə və bələdiyyə binalarında təhlükəsiz yerlərə yerləşdirilib və bəziləri kruiz gəmiləri ilə İskados adasına (Skiathos) göndərilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə