Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində Yunanıstanla bağlı açıqlama yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada bunlar deyilir: "Yunanıstanın qənaət tədbirləri və şagird sayının azlığını bəhanə edərək Qərbi Trakya Türk Azlıqlarına aid daha 12 ibtidai məktəbi bağlama qərarını qınayırıq. Bu son qərarla türk azlıqların ibtidai məktəblərinin yarıdan çoxu bağlanıb və sayı 103-ə endirilib. Beləliklə, Yunanıstanın Qərbi Trakya Türk Azlıqlarına aid ibtidai məktəbləri "müvəqqəti dayandırma" yolu ilə bağlamaq siyasətinin sistemli olduğu sübut edilib. Digər tərəfdən, Yunanıstanda məktəblərlə bağlı son hüquqi tənzimləmədə, etnik azlıq məktəblərinin bir çox mərhələdə əhatə dairəsindən kənarlaşdırıldığı və ayrı-seçkilik edildiyi müşahidə edilib. "Lozanna Sülh Müqaviləsi"nin müddəalarını pozan yuxarıda göstərilən qərarlar, Qərbi Trakiyadakı soydaşlarımıza qarşı təhsil sahəsində onilliklər ərzində həyata keçirilən assimilyasiya və zülm siyasətinin əks olunmasının başqa bir göstəricisidir. Bir tərəfdən Yunanıstan, şagird çatışmazlığı bəhanəsi ilə ibtidai məktəbləri bağlayır, digər tərəfdən də ehtiyac olmasına baxmayaraq milli etnik azlıqlar üçün yeni orta məktəb-lisey açma tələblərinə məhəl qoymur və müxtəlif bəhanələrlə milli etnik azlıqların uşaqlarının təhsil hüquqlarını pozur".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə