Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib...

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...
Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib...

...ABŞ prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə adada ABŞ hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək, lakin onun Amerika nəzarətinə keçməsini nəzərdə tutmayan bir saziş imzalayacaq.

Mərasim Nyu-Yorkda BMT Baş Assambleyasının ərazisində keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə USA Today yazır.

Saziş iki əlavə Amerika hərbi obyektinin - Qrenlandiyanın cənubundakı Narsarsuaqda və şərq sahilindəki Mestersviqdə yaradılmasını nəzərdə tutur.

Hazırda adada yeganə aktiv Amerika bazası Pituffik bazası olaraq qalır. Tramp əvvəllər bildirmişdi ki, saziş Vaşinqtona adaya daimi giriş və onun hava məkanından istifadə daxil olmaqla, Qrenlandiyada ABŞ-ın təhlükəsizliyini təmin etmək imkanı verir.

...Biz dərhal Qrenlandiyanın əsas ərazilərində ABŞ hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməyə başlayacağıq, - deyə Amerika prezidenti yazıb.

...Eyni zamanda, Kopenhagen vurğulayır ki, saziş Danimarkanın suverenliyinə təsir göstərməyəcək və Qrenlandiya sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu nəzərə alır.

Danimarka hakimiyyəti yeni müqaviləni NATO-nun Arktikanın təhlükəsizliyinin təmin edilməsindəki rolunun gücləndirilməsi ilə də əlaqələndirir.

Müqavilə Rusiya və Çinə ABŞ-ın yazılı razılığı olmadan Qrenlandiyada hərbi obyektlər yerləşdirməyə və ya adaya investisiya qoymağa icazə verməyəcək.

Müqavilənin tam mətni hələ dərc olunmayıb, ona görə də onun şərtləri qeyri-müəyyən olaraq qalır.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, “Bu müqavilə Qrenlandiyadakı milli təhlükəsizliklə bağlı narahatlıqlarımızı nəhayət və dönməz şəkildə həll edir”.

Yeni müqavilə Trampın Qrenlandiyanın mümkün alınmasını elan etməsindən sonra yaranan gərginliyi azaltmaq üçün nəzərdə tutulub.

Bu, Soyuq Müharibədən bəri adada Amerika hərbi infrastrukturunun ən böyük genişləndirilməsidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə