Rusiyada “Max” tətbiqinin vətəndaşlara nəzarət imkanları ilə bağlı araşdırma aparılıb

Rusiyada “Max” tətbiqinin vətəndaşlara nəzarət imkanları ilə bağlı araşdırma aparılıb

Rusiyada son 18 ay ərzində milyonlarla insanın “Max” adlı mobil tətbiqdən istifadə etməyə yönləndirildiyi bildirilir. Tətbiq mesajlaşma, ödənişlər və dövlət xidmətləri də daxil olmaqla müxtəlif funksiyaları bir platformada birləşdirir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tətbiq hakimiyyət tərəfindən “Telegram” və “WhatsApp” kimi xarici messencerlərə alternativ, milli platforma kimi təqdim edilir. Dövlət qurumlarında çalışanlar, müəllimlər, tələbələr və digər qrupların “Max”a keçməyə məcbur edildiyi və ya bunun üçün təzyiq gördüyü barədə məlumatlar var.

Kibertəhlükəsizlik üzrə aparılan araşdırmaya əsasən, tətbiqin istifadəçinin telefonunda yerləşən mini-tətbiqlərin məlumatlarına çıxış imkanları daha genişdir. Tədqiqatçılar “Max”ın istifadəçinin ekran görüntüsünü onun xəbəri olmadan əldə edə, mini-tətbiqlərdəki məlumatları, mesajları və ödəniş məlumatlarını görə bilə biləcəyini bildirirlər.

Araşdırmada həmçinin tətbiqin bəzi mini-tətbiqlərə kod yerləşdirmək imkanının olduğu və bunun potensial kibertəhlükəsizlik riski yaratdığı qeyd edilir.

Tədqiqatçılar bununla belə, “Max”ın “Telegram” və “WhatsApp” kimi ayrıca tətbiqlərin məlumatlarına birbaşa daxil ola bilmədiyini bildirirlər. Lakin Rusiyada həmin platformalara girişin məhdudlaşdırılması vəziyyəti dəyişir.

Məqalədə “Max”ın Rusiyada rəqəmsal nəzarət sisteminin daha geniş hissəsinə çevrildiyi vurğulanır.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə