BMT yeni dünya xəritəsinin tətbiqini dəstəklədi: Afrikanın əsl ölçüsü göstəriləcək

BMT yeni dünya xəritəsinin tətbiqini dəstəklədi: Afrikanın əsl ölçüsü göstəriləcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ənənəvi Merkator xəritəsinin mərhələli şəkildə istifadədən çıxarılması və qitələrin ölçülərini daha dəqiq əks etdirən “Equal Earth” xəritə proyeksiyasına keçilməsi ilə bağlı qətnaməni qəbul edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qətnamənin lehinə 164 ölkə səs verib. Yalnız ABŞ əleyhinə çıxıb, 6 ölkə isə bitərəf qalıb. Qeyd olunur ki, BMT qətnaməsi məcburi xarakter daşımır. Yəni ölkələr köhnə xəritədən istifadəni dərhal dayandırmağa məcbur edilməyəcək. Bununla belə, qərarın təhsil proqramlarına, texnologiyalara və xəritə sistemlərinə təsir göstərəcəyi gözlənilir.

Məsələ xüsusilə Afrika qitəsinin xəritələrdə olduğundan daha kiçik göstərilməsi ilə bağlıdır. 1569-cu ildə flamand kartoqraf Gerardus Merkator tərəfindən hazırlanmış xəritədə ekvatora yaxın ərazilər real ölçülərindən daha kiçik, yüksək enliklərdə yerləşən ərazilər isə daha böyük görünür.

Məsələn, Merkator xəritəsində Afrika Qrenlandiya ilə təxminən eyni ölçüdə təsvir olunur. Əslində isə Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.

Təşəbbüsə Afrikanın mövqeyindən Toqo rəhbərlik edib. Ölkə Afrika İttifaqının dəstəyi ilə #CorrectTheMap kampaniyasını irəli sürüb. Təşəbbüsün tərəfdarları hesab edirlər ki, xəritələrdəki bu vizual təhrif Afrikanın dünya ictimaiyyətinin təsəvvüründə olduğundan daha kiçik görünməsinə səbəb olub.

Toqonun xarici işlər naziri Robert Dussey məsələni siyasi deyil, elmi müzakirə kimi xarakterizə edib və xəritələrdəki coğrafi reallığın düzgün göstərilməsinin vacibliyini vurğulayıb.

- Merkator xəritəsi niyə tənqid olunur?

Merkator proyeksiyası əvvəlcə dənizçilərin naviqasiyasını asanlaşdırmaq üçün hazırlanmışdı və əsrlər ərzində dünyada ən geniş istifadə olunan xəritə proyeksiyalarından birinə çevrilib.

Lakin bu proyeksiyanın əsas problemi Yer kürəsinin sferik səthini düz xəritədə göstərərkən ölçülərin təhrif olunmasıdır. Şimal və cənub qütblərinə yaxın ərazilər həqiqi ölçülərindən xeyli böyük görünür. Ekvatora yaxın Afrika və Cənubi Amerika kimi ərazilər isə daha kiçik təsvir olunur.

Tənqidçilər hesab edirlər ki, bu vəziyyət yalnız coğrafi yanlış təsəvvür yaratmır, həm də dünyaya baxışa təsir edə bilər. Bəzi tarixçilər və coğrafiyaşünaslar Merkator proyeksiyasının Qərb mərkəzli təsəvvürləri gücləndirdiyini bildirirlər. Bu yanaşma hətta “kartoqrafik müstəmləkəçilik” ifadəsinin yaranmasına səbəb olub.

Yeni Equal Earth xəritəsi isə qitələrin səth sahələrini daha real nisbətdə göstərmək məqsədi daşıyır. Bu xəritə 2018-ci ildə beynəlxalq kartoqraflar qrupu tərəfindən hazırlanıb.

Fransa da Merkator proyeksiyasından imtina edəcəyini açıqlayıb. Ölkə bunun əvəzinə Equal Earth xəritəsinə yaxın olan Eckert IV proyeksiyasından istifadə etməyi planlaşdırır.

Toqo isə gələn ilin ilk rübündə UNESCO, Afrika İttifaqı və Google Maps kimi texnologiya şirkətlərinin iştirakı ilə paytaxt Lomédə toplantı keçirməyi planlaşdırır. Məqsəd BMT qətnaməsinin praktik olaraq necə həyata keçiriləcəyini müzakirə etməkdir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə