İsrailin ifrat sağçı nazirləri Qəzzanın "əhalisinin çıxarılmasını" açıq müzakirə edir
Keçən həftə İsrailin ifrat sağçı nazirləri Qəzza zolağından fələstinlilərin kütləvi şəkildə çıxarılması məsələsini daha açıq şəkildə gündəmə gətiriblər. Onlar bunun üçün konkret zaman cədvəlləri və dövlət mexanizmləri təklif ediblər. Bu bəyanatlar Qəzza və işğal altındakı İordan çayının qərb sahilində köçkünlük, dağıntılar və ölümlər davam edərkən səslənib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrailin Müdafiə naziri "İsrael Katz" çərşənbə günü keçirilən konfransda deyib:
_"Qəzzadan fələstinlilərin çıxarılması yeganə həldir"_. O, bunun _"dəniz, hava və mümkün olan hər yol ilə"_ həyata keçiriləcəyini bildirib. Katz həmçinin ABŞ prezidenti Donald Trampın bu planı ləğv etmədiyini, sadəcə "dondurduğunu" iddia edib.
Milli Təhlükəsizlik naziri "İtamar Ben-Qvir isə "Disengagement 710" adlı 7 illik plan təqdim edib. Plan Qəzzanın təxminən 2 milyon sakininin "könüllü mühacirət" yolu ilə çıxarılmasını nəzərdə tutur.
Ben-Qvir ilk ildə 250 min, növbəti 6 ildə isə qalan əhalinin köçürüləcəyini deyib. O, seçiləcəyi təqdirdə fələstinlilərin köçürülməsi üçün ayrıca "Miqrasiya Nazirliyi" yaradacağını da açıqlayıb. Ben-Qvirin partiyası Türkiyə, Efiopiya və Konqo Demokratik Respublikasının potensial qəbul edən ölkələr arasında olduğunu bildirib.
ABŞ Dövlət Departamenti Qəzza əhalisinin məcburi köçürülməsi ilə bağlı heç bir planı dəstəkləmədiyini açıqlasa da, Katz və Ben-Qviri birbaşa pisləməyib.
ABŞ-ın İsrail səfiri Mayk Hakabi isə "İsraillilərin insanları Qəzzadan zorla köçürmək planı olmadığını" bildirib.
Fələstin tərəfi isə sərt reaksiya verib. HƏMAS-ın sözçüsü Hazem Qasım bu bəyanatları "təhlükəli inkişaf" adlandırıb və ərəb-İslam ölkələrini birləşmiş mövqe tutmağa çağırıb. Fələstin Milli Şurasının sədri Ravhi Fəttuh nazirlərin sözlərinin "sistematik etnik təmizləmə layihəsini" göstərdiyini deyib.
8 ölkə - BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Pakistan, Türkiyə, İndoneziya və Misir - birgə bəyanatla "fələstinlilərin köçürülməsi cəhdlərini" qəti şəkildə pisləyib. Onlar bunun "beynəlxalq hüququ açıq şəkildə pozduğunu" və "fələstin xalqının hüquqlarına birbaşa təhdid" olduğunu bildiriblər.
İsrail oktyabrın 27-də 2023-cü il oktyabrın 7-dən bəri ilk ümumi seçkilərini keçirəcək. 2025-ci ilin oktyabrında ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə edilsə də, Qəzzada hücumlar və dağıntılar davam edir.
Beynəlxalq hüquqa görə, işğal edilmiş ərazidə mülki əhalinin məcburi köçürülməsi Cenevrə Konvensiyalarına görə müharibə cinayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB