Kiyev vilayətində Rusiya zərbəsi nəticəsində 37 nəfər ölüb

Kiyev vilayətində Rusiya zərbəsi nəticəsində 37 nəfər ölüb

Ukraynanın Kiyev vilayətinin Buça rayonunda Rusiya tərəfindən həyata keçirildiyi bildirilən gecə hücumu nəticəsində ən azı 37 nəfər həyatını itirib. Daha 42 nəfər, o cümlədən 4 uşaq yaralanıb. Təxminən 50 yaşayış binasına ziyan dəyib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Kiyevdən təxminən 32 kilometr şimal-qərbdə yerləşən Buça rayonunda baş verib. Məlumata görə, hücum zamanı Myla kəndindəki anbara pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Ardınca güclü partlayış və yanğın baş verib. Alov ətrafdakı yaşayış evlərinə və digər tikililərə yayılıb.

Kiyev vilayəti administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, ölənlər arasında Dmitrivka icmasının rəhbəri Taras Didiç də var. Onun hadisə yerinə insanlara yardım etmək üçün ilk gələnlərdən biri olduğu qeyd edilib. Yaralananlardan 7 nəfər xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra 381 nəfər, o cümlədən 59 uşaq ərazidən təxliyə edilib. Xilasetmə, yanğının söndürülməsi və axtarış işləri davam etdirilib. Zərərçəkən sakinlər üçün müvəqqəti yaşayış yerləri, isti yemək və psixoloji dəstək təşkil olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, zərbə nəticəsində anbarın yaxınlığındakı yaşayış binaları ilə yanaşı, yaşlı və əlillər üçün nəzərdə tutulmuş qayğı müəssisəsinə də ciddi ziyan dəyib. Onun sözlərinə görə, partlayıcı maddələrin yaşayış ərazilərinin yaxınlığında saxlanılması ilə bağlı cinayət işi başlanıb.

Ukraynanın müxtəlif bölgələri də həmin gecə hücumlara məruz qalıb. Kiyev ətrafında Rusiya dronlarının hücumları intensivləşib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə