Nepal və Tibetdə sel fəlakəti: ölənlərin sayı 900-ü keçib, 4 700-dən çox insan itkin düşüb

Nepal və Tibetdə sel fəlakəti: ölənlərin sayı 900-ü keçib, 4 700-dən çox insan itkin düşüb

Nepal və Tibetin sərhəd bölgələrində baş verən dağıdıcı daşqınların ardından axtarış-xilasetmə işləri davam etdirilir. Təbii fəlakət nəticəsində ölənlərin sayı 900-ü keçib, 4 700-dən çox insan isə itkin düşüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nepal və Çin sərhədində, Himalay dağlarında baş verən güclü sel bölgədə genişmiqyaslı dağıntılara səbəb olub. Xilasetmə qrupları yaşayış məntəqələrində, dağlıq ərazilərdə və çay vadilərində itkin düşən insanların axtarışını davam etdirir.

Nepal ordusunun sözçüsü, briqada generalı Raja Ram Basnet bildirib ki, əsas diqqət sel nəticəsində təcrid olunmuş ərazilərdə qalan insanların xilas edilməsinə yönəlib.

Nepalın fəlakətlərin idarə olunması üzrə qurumunun məlumatına görə, ölkədə 903 nəfər ölüb, 4 247 nəfər itkin düşüb. İtkinlər arasında 592 əcnəbi də var.

Çinin Tibet bölgəsində isə 16 nəfərin öldüyü, 546 nəfərin itkin düşdüyü bildirilir. Çin dövlət mediasının məlumatına görə, Tibetdə itkin düşənlər arasında 261 əcnəbi, o cümlədən 100-dən çox Nepal vətəndaşı var.

-Fəlakətə buzlaq dağılması səbəb olub

Fəlakət Himalaylarda buzlağın dağılması nəticəsində başlayıb. Peyk görüntülərini araşdıran alimlərin ilkin qiymətləndirməsinə görə, buzlağın altındakı süxurların çökməsi nəticəsində buzlaq kütləsinin bir hissəsi də qoparaq aşağıya doğru hərəkət edib.

Güclü qaya uçqunu o qədər böyük olub ki, seysmik hadisə kimi qeydə alınıb və təxminən 5,2 maqnitudalı zəlzələ təsiri yaradıb.

Qaya parçaları və ərimiş buz suları aşağı vadilərdə çayların səviyyəsini sürətlə artırıb. Nəticədə güclü su və palçıq axını yaranıb. Sel Tibet və Nepal ərazisində evləri, körpüləri, yolları və digər infrastrukturu dağıdaraq qarşısına çıxan əraziləri su və palçıq altında qoyub.

-Xilasetmə işlərinə xarici qruplar da qoşulub

Xilasetmə əməliyyatlarında yerli qüvvələrlə yanaşı, xarici qruplar da iştirak edir. Əsas diqqət hidroelektrik stansiyalarının tunellərində ilişib qalan insanların xilas edilməsinə yönəlib.

Məlumata görə, hidroelektrik stansiyalarının bir neçə tunelində azı 90 nəfər köməksiz vəziyyətdə qalıb.

Daşqınlar nəticəsində bölgədə nəqliyyat infrastrukturu da ciddi zərər görüb. Nepalın Rasuva bölgəsini Nuvakot ərazisi ilə birləşdirən əsas magistral yolun böyük hissəsi sel suları tərəfindən dağıdılıb. Bu isə xilasetmə və humanitar yardımın çatdırılmasını çətinləşdirir.

-Faciənin miqyası getdikcə daha aydın görünür

Xilasetmə qrupları dağıntılar altında qalan ərazilərdə sağ qalanları axtarmaqda davam edir. Bəzi bölgələrdə insanlar təhlükəsiz ərazilərə təxliyə olunarkən, itkin düşən şəxslərin ailələri yaxınlarından xəbər gözləyir.

Hadisənin səbəbləri ilə bağlı alimlər bildirirlər ki, buzlaqların və dağlıq ərazilərin sabitliyində baş verən dəyişikliklər Himalaylarda bu cür fəlakətlərin riskini artırır. Bununla belə, konkret olaraq bu hadisənin iqlim dəyişikliyi ilə birbaşa əlaqəsini müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac olduğu vurğulanır.

Hazırda Nepal və Tibetdə axtarış-xilasetmə əməliyyatları davam edir. Səlahiyyətlilər itkin şəxslərin tapılması və təcrid olunmuş yaşayış məntəqələrinə çıxışın bərpası üçün səylərini artırıblar.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə