İran ABŞ-ın iqtisadi müharibəsinə qoşulan ölkələri düşmən elan etməklə hədələyib

İran ABŞ-ın iqtisadi müharibəsinə qoşulan ölkələri düşmən elan etməklə hədələyib

İran ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq və sanksiyalara qoşulacaq ölkələrə qarşı cavab tədbirləri görəcəyini açıqlayıb. Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi dövlət televiziyasına açıqlamasında danışıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rzayi bütün ölkələri, o cümlədən İranın qonşularını ABŞ-ın “iqtisadi müharibəsinə” qoşulmamağa çağırıb. Onun sözlərinə görə, İrana qarşı iqtisadi məhdudiyyətlərin tətbiqində iştirak edən istənilən ölkə Tehran tərəfindən “düşmən” kimi qəbul ediləcək.

İran rəsmisi xəbərdarlıq edib ki, belə ölkələrə qarşı cavab “sarsıdıcı” ola bilər. O, xüsusilə Fars körfəzi ölkələrinə müraciət edərək bildirib ki, əgər onlar ABŞ-ın iqtisadi təzyiq kampaniyasına qoşularsa, İran regiondan neft ixracının qarşısını almaq imkanından istifadə edə bilər.

Rzayinin açıqlamasına görə, İranın mümkün cavab strategiyası əvvəlcə diplomatik danışıqlardan başlayacaq. Tehran ABŞ-la əməkdaşlıq edən ölkələri bu siyasətdən geri çəkilməyə və Vaşinqtondan uzaqlaşmağa çağıracaq.

Əgər bu çağırışlar nəticə verməsə, İran həmin ölkələrin maraqlarına zərbə vurmaqla hədələyir.

Məqalədə qeyd olunur ki, İranın alternativ neft ixrac marşrutlarına dair xəbərdarlığı Qırmızı dənizə çıxışı təmin edən Bab əl-Məndəb boğazına da aid ola bilər. İran artıq Hörmüz boğazından danışıqlar prosesində təzyiq vasitəsi kimi istifadə edir. ABŞ-ın isə İran limanlarına tətbiq etdiyi dəniz blokadasının Tehranın beynəlxalq ticarətinə ciddi təsir göstərdiyi bildirilir.

Körfəz ölkələri çətin seçim qarşısındadır

İranın qonşuları olan Körfəz ölkələri eyni zamanda ABŞ-ın müttəfiqləridir. Buna görə də onlar Vaşinqtonla Tehran arasında artan qarşıdurmanın ortasında qalıblar.

Bu ölkələrin İranla iqtisadi və siyasi münasibətlərini tamamilə kəsməsinin mümkün olub-olmadığı isə qeyri-müəyyən olaraq qalır. Analitiklərin fikrincə, Körfəz ölkələri ABŞ-la yaxın münasibətlərinə baxmayaraq, coğrafi baxımdan İranla qonşuluqda yaşamağa məcburdur və uzunmüddətli qarşıdurmanın region üçün ciddi nəticələrindən ehtiyat edirlər.

Birləşmiş Ərəb Əmirlikləri 2022-ci ildə İranla diplomatik münasibətləri bərpa edib. Səudiyyə Ərəbistanı və İran isə 2023-cü ildə Çinin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib. Məqalədə bildirilir ki, bu addımların əsas məqsədlərindən biri İranla daimi qarşıdurmadan daha təhlükəsiz alternativ kimi diplomatik əlaqələri qorumaq olub.

ABŞ yeni sanksiyalara hazırlaşır

İranın xəbərdarlığı ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı daha sərt iqtisadi tədbirlər görüləcəyini açıqlamasından sonra səslənib.

Tramp İranı iqtisadi baxımdan daha ciddi təzyiq altında saxlamağı planlaşdırdığını və Tehrana hər hansı “həyat xətti” təqdim edən ölkələrin də ciddi iqtisadi nəticələrlə üzləşəcəyini bildirib.

ABŞ-ın maliyyə naziri Skott Bessent də ölkələri seçim qarşısında qoyaraq Vaşinqtonun İran siyasətinə dəstək verməyə çağırıb. Xüsusilə İrandan böyük həcmdə neft alan Çinin mövqeyi ABŞ üçün əhəmiyyətli hesab olunur.

İran: “Tammiqyaslı iqtisadi, hərbi və təhlükəsizlik müharibəsindəyik”

İran Prezidenti Məsud Pezeşkian isə ABŞ-la qarşıdurmanın yalnız hərbi deyil, həm də iqtisadi və təhlükəsizlik xarakteri daşıdığını bildirib.

Onun sözlərinə görə, ABŞ müharibədən əvvəl İranın daxildən zəifləyərək Venesuela kimi vəziyyətə düşəcəyini hesab edirdi. Pezeşkian isə İranın əksinə, müqavimət və birlik nümayiş etdirərək daha güclü mövqeyə gəldiyini iddia edib.

Məqalədə həmçinin İranın onilliklər ərzində üzləşdiyi sanksiyaların tarixinə nəzər salınır. ABŞ İrana qarşı ilk genişmiqyaslı sanksiyaları 1979-cu il İslam İnqilabından sonra tətbiq edib.

Sonrakı illərdə ABŞ və digər Qərb ölkələri İranın enerji sektoru, ticarəti, maliyyə sistemi və ayrı-ayrı şəxslərinə qarşı müxtəlif məhdudiyyətlər tətbiq edib. 2015-ci ildə İranla nüvə sazişinin imzalanması nəticəsində bir sıra sanksiyalar aradan qaldırılsa da, Donald Tramp 2018-ci ildə ABŞ-ı sazişdən çıxarıb və əvvəlki sanksiyaları yenidən tətbiq edib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə