Suriya və İsrail İordaniyada ABŞ vasitəçiliyi ilə danışıqlar aparıb

Suriya və İsrail İordaniyada ABŞ vasitəçiliyi ilə danışıqlar aparıb

Suriya və İsrail arasında gərginliyin azaldılması məqsədilə İordaniyada ABŞ-ın vasitəçiliyi ilə danışıqlar keçirilib. Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və İsrail nümayəndə heyəti iştirak edib. İsrail nümayəndə heyətinə Mossad rəhbəri Roman Qofman rəhbərlik edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, danışıqlar İsrailin Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Suriya hərbi bazasına endirdiyi zərbədən sonra artan gərginlik fonunda baş tutub. Tərəflər əsasən İsrailin Suriyaya qarşı hücumlarının, həbslərin və hərbi əməliyyatların dayandırılması, eləcə də uzunmüddətli təhlükəsizlik razılaşması üzrə danışıqların bərpa olunması məsələlərini müzakirə ediblər.

Görüşdə İsrail və Türkiyə arasında Suriyadakı rəqabətin gərginliyə çevrilməsinin qarşısının alınması məsələsi də gündəmə gəlib. ABŞ artıq bir ildən çoxdur ki, İsrail ilə Suriya arasında təhlükəsizlik razılaşmasına nail olunmasına vasitəçilik edir.

Suriya tərəfi ölkənin suverenliyinə xüsusi diqqət çəkərək milli ordusunu yenidən qurmaq, inkişaf etdirmək və milli maraqlarına uyğun tərəfdaşlıqlar müəyyənləşdirmək hüququna malik olduğunu bildirib. Dəməşq bu hüquqları məhdudlaşdıracaq hər hansı mexanizmi qəbul etməyəcəyini vurğulayıb.

Suriyanın əsas tələbləri arasında İsrail qüvvələrinin əvvəlki mövqelərinə geri çəkilməsi və 1974-cü ildə əldə olunmuş atəşkəs razılaşmasının tam şəkildə bərpa edilməsi yer alır. Suriya həmçinin İsrailin işğalı altında olan Colan yüksəklikləri üzərində suverenliyini bir daha bəyan edib.

İsrail tərəfinin də danışıqlarda bir sıra “qırmızı xətləri” olduğu bildirilir. Bunlara Türkiyə hərbi qüvvələrinin Suriyada fəaliyyətinin qarşısının alınması, Colan yüksəkliklərinin Suriya tərəfindəki ərazilərin demilitarizasiyası, Druz icmasının təhlükəsizliyinin təmin edilməsi və Suriya ordusunun müəyyən strateji silah sistemlərinə sahib olmasının qarşısının alınması daxildir.

İsrail həmçinin Suriyanın işğal olunmuş ərazilərindən geri çəkilməsini diplomatik razılaşmaların əldə olunması ilə əlaqələndirir.

Əvvəlki ABŞ vasitəçiliyi ilə keçirilən görüşlərdə tərəflər kəşfiyyat məlumatlarının mübadiləsi və gərginliyin qarşısının alınması üçün birgə mexanizm yaratmaq barədə razılığa gəlmişdilər. Lakin fevralın sonunda ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra danışıqlar dayanmışdı.

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani İsrailə etimadın olmadığını, lakin diplomatiya üçün qapının açıq qaldığını bildirib. Onun sözlərinə görə, ilin əvvəlində tərəflər təhlükəsizlik zonaları və yalnız BMT qüvvələrinin yerləşəcəyi bufer zona ilə bağlı məsələlərin demək olar ki, hamısında razılığa gəlmişdilər.

Ekspertlər isə hazırkı danışıqların gərginliyi dərhal aradan qaldıracağına ehtiyatla yanaşırlar. Suriyanın əsas narahatlığı ölkə ərazisinin İsrail və Türkiyə arasında mümkün qarşıdurmanın yeni meydanına çevrilməməsidir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə