İraq İran və Səudiyyə Ərəbistanı arasında mövcud olan etimad problemini aradan qaldırmaq məqsədilə yeni diplomatik təşəbbüs irəli sürüb. Bağdad hər iki ölkə arasında birgə təhlükəsizlik koordinasiya şurasının yaradılmasını təklif edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, İraq İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə iki ölkəyə “birgə təhlükəsizlik koordinasiya şurası”nın yaradılmasını təklif edib.
İraq Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Kasım əl-Ərəci dövlət televiziyası “Əl-İraqiyyə”yə açıqlamasında Bağdadın Tehran və Ər-Riyad arasında yeni dialoq və təhlükəsizlik mexanizminin yaradılmasına yönəlmiş təşəbbüsünün detallarını açıqlayıb.
BAĞDADDAN YENİ DİPLOMATİK TƏŞƏBBÜS
Ərəci İraqın İran və Səudiyyə Ərəbistanına birgə təhlükəsizlik koordinasiya şurasının yaradılması ilə bağlı rəsmi təklif təqdim etdiyini bildirib.
Qeyd olunur ki, təşəbbüs iki ölkə arasında münasibətlərə uzun müddətdir təsir edən etimad probleminin aradan qaldırılmasına yönəlib. Bağdad regional təhlükəsizlik məsələlərinin dialoq və koordinasiya yolu ilə müzakirə edilə biləcəyi mexanizmin yaradılmasını hədəfləyir.
İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə diqqət çəkən Ərəci iki ölkə arasında əsas problemin etimad çatışmazlığından qaynaqlandığını bildirib.
İraqlı rəsmi birgə təhlükəsizlik koordinasiya şurasının yaradılmasının tərəflər arasında etimadın yenidən formalaşmasına töhfə verə biləcəyini vurğulayıb.
Ərəci Bağdadın təklif etdiyi mexanizmin necə fəaliyyət göstərəcəyi ilə bağlı isə əlavə məlumat verməyib.
TEHRAN VƏ ƏR-RİYADDAN HƏLƏ RƏSMİ AÇIQLAMA YOXDUR
İraqın təklifindən sonra İran və Səudiyyə Ərəbistanı hökumətlərindən hələlik rəsmi açıqlama verilməyib.
Bağdadın təşəbbüsünün Tehran və Ər-Riyad arasında təhlükəsizlik dialoqunu institusional müstəviyə daşımaq və regional məsələlər üzrə koordinasiyanı artırmaq məqsədi daşıdığı bildirilir.
İraq coğrafi mövqeyi və hər iki ölkə ilə münasibətləri səbəbindən keçmişdə də İran-Səudiyyə Ərəbistanı xəttində diplomatik təmasların həyata keçirilməsində rol oynayıb. Yeni təklifin reallaşıb-reallaşmayacağı isə İran və Səudiyyə Ərəbistanının verəcəyi cavabdan asılı olacaq.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB