İran Prezidenti ABŞ ilə müharibənin başa çatdırılmasına çağırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian avqustun 21-də Tehranda həkimlərlə görüşü zamanı bildirib.
“Müharibə nə vaxtsa başa çatmalıdır. Hazırda gücümüz və nüfuzumuz olduğu, bütün dünyanın qələbəmizi tanıdığı bir vaxtda müharibəni başa çatdırmaq daha yaxşıdır”, - deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İranın “qələbəsini” tanıyır və ABŞ-nin beynəlxalq normaları pozaraq ölkənin məktəblərinə, xəstəxanalarına və infrastrukturuna zərbələr endirdiyini qeyd edir.
Prezident vurğulayıb ki, saziş təslim olmaq demək deyil.
“Biz heç bir halda zülm qarşısında baş əyməyəcəyik. Son nəfəsimizədək ona qarşı mübarizə aparacaq və sarsıdıcı cavab verəcəyik”, - deyə o qeyd edib.
Pezeşkian Pakistanın vasitəçiliyi ilə əldə olunan və 2026-cı il 17-18 iyun tarixlərində imzalanmış sazişi (İslamabad Anlaşma Memorandumu) “şərəfli və dəyərli” adlandırıb. Onun qiymətləndirməsinə görə, sənəddə İranın təslim olduğunu göstərən müddəalar yoxdur və əsas öhdəliklər digər tərəfin üzərinə düşür. O, həmçinin bunu İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş böyük nailiyyət adlandırıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı konkret nəticələrin əldə olunmaması səbəbindən fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələrinə başlayıb, İran da həmin gündən etibarən İsrail və regiondakı ABŞ obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıb. Pakistanın vasitəçiliyi ilə aprelin 7-də tərəflər arasında atəşkəs barədə razılaşma əldə olunub.
İyunun 18-də İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp imzalayıb. Sözügedən memorandum iyunun 19-dan qüvvəyə minib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab bəhanəsi ilə İran ərazisinə bir neçə seriya zərbə endirib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin ləğv edildiyini açıqlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB