İmran Xan xəstəxanaya aparıldıqdan bir neçə saat sonra yenidən həbsxanaya qaytarılıb - PAKİSTAN
Pakistanın keçmiş baş naziri İmran Xan tibbi müayinədən keçirilməsi üçün həbsxanadan xəstəxanaya köçürülsə də, bir neçə saat sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 73 yaşlı İmran Xan cümə günü səhər saatlarında Ravalpindidəki Adiala həbsxanasından İslamabaddakı özəl Shifa International Hospital xəstəxanasına gücləndirilmiş təhlükəsizlik tədbirləri altında aparılıb. O, burada bir neçə saat qaldıqdan sonra yenidən həbsxanaya qaytarılıb.
Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, keçmiş baş nazir gecə saatlarında xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, İmran Xan kardioloq, oftalmoloq və digər həkimlərdən ibarət ixtisaslaşmış tibbi heyət tərəfindən müayinə olunub və həkimlər onun səhhətinin xəstəxanada qalmasını tələb etmədiyi qənaətinə gəliblər. İmran Xanın bacısı Uzma Xan da onun xəstəxanada olduğu müddətdə yanında olub.
Xanın xəstəxanaya köçürülməsi Pakistan Ali Məhkəməsinin avqustun 18-də qəbul etdiyi qərardan sonra baş verib. Məhkəmə hakimiyyət orqanlarına keçmiş baş nazirin iki gün ərzində xəstəxanaya yerləşdirilməsini tapşırıb və onun vəziyyətinin müstəqil tibbi heyət tərəfindən qiymətləndirilməsini istəyib. Tibbi heyətə Xanın şəxsi həkiminin də daxil edilməsi nəzərdə tutulub.
Qərara Adiala həbsxanasının rəhbərliyi tərəfindən məhkəməyə təqdim olunan tibbi hesabat səbəb olub. Hesabatda avqustun 10-da aparılan kardioloji müayinə zamanı Xanın qan təzyiqinin dəyişkən olduğu və ailəsi ilə əlaqəsinin məhdudlaşdırılması ilə bağlı narahatlıq yaşadığı qeyd edilib.
Pakistan hökuməti Ali Məhkəmənin qərarına etiraz etsə də, avqustun 20-də Xanın xəstəxanaya köçürülməsi üçün hazırlıqların başa çatdığı bildirilib. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə yüzlərlə polis və yarımhərbi qüvvənin cəlb edildiyi açıqlanıb.
İmran Xanın ailəsi və rəhbərlik etdiyi Pakistan Təhrik-i İnsaf (PTI) partiyası son bir il ərzində onun səhhəti ilə bağlı dəfələrlə məhkəmələrə müraciət edib. Xüsusilə onun sağ gözündə görmə qabiliyyətinin zəifləməsi ciddi narahatlıq yaradıb. Məhkəmələr fevral ayından etibarən Xanın xəstəxanaya köçürülməsi ilə bağlı oxşar müraciətləri iki dəfə rədd edib.
İmran Xan 2022-ci ilin aprelində parlamentdə keçirilən səsvermə nəticəsində baş nazir vəzifəsindən kənarlaşdırılıb. O, 2023-cü ilin avqustundan həbsdədir. Keçmiş baş nazir dövlət hədiyyələrinin satışı ilə bağlı iş üzrə məhkum edilib və sonrakı dövrdə həyat yoldaşı Buşra Bibi ilə birlikdə bir sıra digər işlər üzrə də məhkumluq alıb. Xan və onun partiyası ittihamları rədd edir və cinayət təqiblərinin siyasi motivli olduğunu bildirirlər.
Qeyd edək ki, Xanın xəstəxanaya köçürülməsindən bir gün əvvəl Pakistan hökuməti Ali Məhkəmənin qərarına yenidən baxılması üçün müraciət etmiş, onun özəl deyil, dövlət xəstəxanasında müayinə olunmasının tərəfdarı olduğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB