Cənubi Koreyanın təcrübəsiz investorları AI səhmlərinə görə kiçik sərvətlərini itirirlər

Cənubi Koreyanın təcrübəsiz investorları AI səhmlərinə görə kiçik sərvətlərini itirirlər

Cənubi Koreyada süni intellekt bumuna yönəlmiş leverajlı bahislər fond bazarını “qəribə kazinoya” çevirib. Nəticədə aylarla qazanc gözləyən adi investorlar böyük itkilərlə üzləşib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, KOSPI indeksi bu il AI texnologiya səhmləri ətrafında yaranan ajiotaj sayəsində sürətlə qalxmışdı. Samsung Electronics və SK Hynix kimi çip istehsalçıları qlobal AI tələbatının mərkəzində olduğu üçün indeksin yarısından çoxunu təşkil edirlər.

Lakin iyul ayında texnologiya səhmlərinin dəyəri təxminən 25% ucuzlaşanda, kredit götürərək səhm alan fərdi investorlar ilk zərbəni aldılar.

BBC və yerli KİV-lərin yazdığına görə:

- Kim, 30 yaşlı bankir: Bu ilin sonunda toyu olan Kim, ev almaq üçün yığdığı pulu texnologiya səhmlərinə yatırıb və bir ayda təxminən 20 milyon von ∼14,000 dollar itirib. “İtkini kompensasiya etmək üçün çox çalışmalı olacağam. Ətrafımda bütün yığımlarını bura qoyub daha acınacaqlı vəziyyətdə olanlar var” deyir.

- B, ofis işçisi: Bu il aldığı bonusun yarısını SK Hynix səhmlərinə yatırıb. Qiymət 4 dəfə artandan sonra yenidən düşüb və portfelinin dəyəri yarıbayarı azalıb.

- C, digər işçi: Nvidia səhmlərindən 1000% gəlir əldə etdikdən sonra qazancının çoxunu SK Hynix-ə qoyub və təxminən 10,000 dollar itirib. Bu pul oktyabrda işini tərk edib biznes qurmaq üçün yığdığı vəsait idi. “Səhm qiymətlərinin həmişə məntiqli səbəbdən dəyişdiyini hiss etmirəm. Bəzən qumara çox bənzəyir” deyir.

Bazarı kim idarə edir?

Analitiklər qeyd edir ki, KOSPI artıq Koreyanın tarixi iqtisadi göstəriciləri ilə əlaqəsini itirib. Qiymətləri əsasən leverajlı tək-səhm ETF-lərinə kütləvi pul axını müəyyən edir.

Nəticədə son 6 ayda KOSPI tarixindəki bütün “circuit breaker” - yəni indeks 1 dəqiqə ərzində 8%-dən çox düşəndə tətbiq olunan ticarət dayandırmalarının yarısından çoxu baş verib.

İyun-iyul aylarında təxminən 1.5 milyard dollar dəyərində fərdi investorların uzun mövqeləri məcburi ləğv edilib.

Ekspertlər nə deyir?

Seul Milli Universitetinin professoru Caevon Çoi bildirir: “İnsanlar artıq sosial mobilliyin ənənəvi yollarla mümkün olmadığına inanır. Kripto-da bir gecədə varlananları görüb indi SK Hynix kimi səhmlərə sürətli sərvət vasitəsi kimi axın edirlər”.

JPMorgan analitikləri isə xəbərdarlıq edir ki, leverajlı ETF və törəmə alətlərdə iştirakın azalması artımın daha yavaş olacağı anlamına gələ bilər.

Bir vaxtlar qlobal artımın barometri sayılan Cənubi Koreya bazarı indi fundamentaldan çox spekulyativ axınlarla idarə olunur. AI ajiotajı hələ də davam etsə də, tənzimləyicilər və investorlar volatilliyin yaratdığı riskləri yenidən qiymətləndirir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə