Tramp İrana qarşı “tarixin ən sərt iqtisadi əməliyyatını” elan edib

Tramp İrana qarşı “tarixin ən sərt iqtisadi əməliyyatını” elan edib

ABŞ Prezidenti Donald Tramp İranla bağlı “ən sarsıdıcı iqtisadi əməliyyat” adlandırdığı yeni planı açıqlayıb. Bu addım iki ölkə arasında müharibəni sona çatdırmaq məqsədilə aparılan danışıqların dalana dirənməsi fonunda Vaşinqtonun Tehrana təzyiqi artırması ilə əlaqələndirilir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp çərşənbə günü “Truth Social” platformasında paylaşdığı açıqlamada İranın razılaşma əldə etmək fürsətindən “istifadə etmədiyini” bildirib. O, Tehranın “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcridlə” üzləşəcəyini vurğulayıb.

ABŞ Prezidenti həmçinin İranla iqtisadi əlaqələr saxlayan istənilən ölkəni ciddi sanksiyalarla hədələyib.

“İrana hər hansı formada maliyyə dəstəyi göstərilməsinə imkan verən istənilən ölkə özü də çox böyük iqtisadi nəticələrlə üzləşəcək”, - deyə Tramp bildirib.

O, İranın neft qaçaqmalçılığı, barter əməliyyatları, nağd pul köçürmələri, valyuta mübadiləsi, gəmi reyestrləri və ön şirkətlər vasitəsilə beynəlxalq iqtisadi sistemə çıxışının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Tramp bu tədbirləri “iqtisadi D-Day” adlandıraraq, İranın təcrid edilməsi və “İran təhlükəsinin məğlub edilməsi” üçün ABŞ-ın bütün müttəfiqlərini Vaşinqtonun yanında olmağa çağırıb.

Trampın İranı iqtisadi sanksiyalarla hədələməsi ilk dəfə deyil. ABŞ-İsrailin fevral ayında İrana qarşı başlatdığı müharibədən sonra Vaşinqton “İqtisadi Qəzəb Əməliyyatı” adı altında Tehrana qarşı genişmiqyaslı iqtisadi təzyiq kampaniyası həyata keçirir.

ABŞ İranın neft, dənizçilik və maliyyə sektorlarına qarşı geniş sanksiyalar tətbiq etməklə Tehranın enerji ixracından əldə etdiyi gəlirləri azaltmağa çalışır. Bundan əlavə, İran limanlarına dəniz blokadası tətbiq edib və İran neftinin xaricə satışına yardım göstərməkdə ittiham olunan şirkətləri, vasitəçiləri və tankerləri hədəfə alıb.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə